“Kürdüstan Kommunist Partiyası” İrandakı hadislərin əvvəldən planlaşdırıldığını bildirib

İran hökumətinə qarşı fəaliyyət göstərən separatçı “Kürdüstan Kommunist Partiyası”nın (Komala) sədri İranda son gündə baş verən etirazlar, iğtişaşlar və toqquşmaların əvvəldən planlaşdırıldığını bildirib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu Komala-nın sədri İbrahim Əlizadə BBC-ə canlı yayımda müsahibəsində deyib.

O, son günlərdə İranda baş verən hadisələrin bundan öncəki etirazlardan fərqli olduğunu bildirib.

“Bu etirazlar məlumatlı, doğru rəhbərlik edilən və təşkilatlanmış idi. Onun günü və saatı da məlum idi. Onun nəticəsi də müəyyəndir”, deyə separatçı partiyanın İrandan kənarda olan sədri bildirib.

Qeyd edək ki, 22 yaşlı Məhsa Əmininin polis idarəsində öldürüldüyü iddia ediləndən sonra Kürdüstan Regional Hökumətinin sabiq lideri və İraq kürdlərinin hazırki mənəvi rəhbəri Məsud Barizani də vəfat edən qızın ailəsinə zəng vuraraq, onlara başsağlığı verib və “ədalət” tələb edib.

Bildirək ki, son rəsmi məlumatlara görə, bu etirazlar və iğtişaşlarda azı üç nəfər ölüb. Polis və təhlükəsizlik qüvvələri arasında da çoxlu sayda yaralı və xasərət alanlar var.