“Kütləvi iftar verənlər nəinki savab qazanır, əksinə günah edir”

Koronavirus pandemiyası dövründə iftar mərasimlərini hər bir insan öz evində, öz ailəsi çevrəsində keçirsə, daha məqsədəuyğundur. İndiki şəraitdə kütləvi iftar mərasimi verənlər nəinki savab qazanır, əksinə günah edirlər.

Operativ.tv xəbər verir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.

 

Ş.Həsənli bildirib ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin fətvası da var: “Məlum olduğu kimi, koronavirus pandemiyası səbəbindən biz xüsusi karantin rejimində yaşayırıq. Bu karantin rejimi Ramazan ayı daxil olmazdan əvvəl tətbiq edilib. Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayı ilə bağlı fətvasında da bildirilir ki, bu il Ramazan ayı karantin qaydalarına uyğun şəkildə qeyd olunmalıdır, məscidlərdə kütləvi mərasimlər keçirilməməlidir. Həmçinin Əhya gecələrini də insanlar evlərində keçirməlidirlər. Bu, həm karantin qaydalarına uyğundur, həm də dinimizdə bunu qadağan edən hər hansı bir hökm yoxdur. Bununla bağlı biz insanlara dəfələrlə müraciət etmişik və yenə də müraciət edirik ki, virusun yayılmasının qarşısının alınması üçün bütün bu tələblərə riayət etməlidirlər və bu tələblərin də heç biri bizim dinimizlə ziddiyət təşkil etmir”.

Qeyd edək ki, bir neçə gün əvvəl tanınmış müğənni Manaf Ağayev evində iftar süfrəsi verərək karantin qaydalarını pozmuşdu. O, müzakirələrdən sonra sosial şəbəkədə paylaşdığı görüntüləri silmişdi.