Liviyada Ali Seçki Komissiyasının binasına silahlı basqın olub

 Liviyanın paytaxtı Tripolidə Ali Seçki Komissiyasının binasına silahlı basqın olub.

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, ötən gecə Tripolidə bir qrup şəxs əvvəl aksiya keçiriblər və daha sonra silahlı şəkildə Ali Seçki Komissiyasının binasına daxil olublar.

Etiraz edən silahlılar Konstitusiyanın seçki qanunun icrasını tələb ediblər.

Qeyd edək ki, Ali Seçki Komissiyası ötən gün namizədlərin qeydiyyata alınmasının bitdiyini bildirib.

Cari ayın sonunda keçiriləcək parlament və prezident seçkilərinə namizədliyini irəli sürənlərdən bir qismi qəbul edilməyib.

Bundan öncə Qəddafinin oğlu və general Xəlifə Həftarın namizədliyinin rədd edilməsi üçün fərqli şəhərlərdə olan məhkəmələr tərəfindən qərarlar çıxarılmışdı.

Cari ayın sonunda Liviyada keçiriləcək taleyüklü parlament seçkilərinə  4,326 nəfər, prezident seçkilərinə isə 73 nəfər namizədliyini verib. Ali Seçki Komissiyası 25 nəfərin namizədliyini təsdiqləməyib. Bundan öncə Paris toplantısında Liviyada seçkilərə maneə yaradacaq tərəflərə ciddi sanksiyaların tətbiq ediləcəyi bildirilmişdi.