Marselo "Olimpiakos"da ilk oyununu "Qarabağ"a qarşı keçirəcək

"Olimpiakos"un yeni transferi Marselo Yunanıstan təmsilçisindəki ilk oyununu UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"a qarşı keçirə bilər.

Operativ.tv Report-a istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçinin Pirey təmsilçisindəki debütü məhz avrokubok matçına təsadüf edəcək.

Baş məşqçi Miçel Qonsales braziliyalı ulduz futbolçuya ikinci hissədə şans verməyi planlaşdırır.

Marselonun oktyabrın 2-də "Atromitos"a qarşı Yunanıstan Super Liqasının VI tur matçında meydana çıxacağı gözlənilmir.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.