MBH: "Bu qorxu və əsarət yaratma mexanizmidir"

Müsəlman Birliyi Hərəkatı ictimai fəal Bəxtiyar Hacıyevə qarşı tətbiq edilən zorakılığa etirazını bildirib. Bununla bağlı hərəkat, sosial media üzərindən bəyanat yayıb. Bəyanatda deyilir:
 
"Azərbaycan hər ötən gün siyasi hakimiyyətin diqtəsi altında azadlıqların tənəzzülünə doğru sürətlə eniş etməkdədir. Rejimin rəqibsiz idarəçilik maraqları, qarşısındakını əzməsi, tənqid hallarını işgəncələrlə susdurması artıq günün reallığıdır. Bütünlükdə güc strukturlarına, qanunsuzluqlara etiraz edənləri susdurma qüdrəti verən rejimin addımları sözlə ifadə ediləsi deyil. Təəssüf ki, bu hallar artıq təsadüfi cinayət yox, “sistematik idarəçilik” forması alıb. Siyasi məhbusların, düşüncəsi səbəbindən ömürlük əlilə çevrilənlərin, öldürülənlərin davamı olaraq fiziki və mənəvi işgəncə verilməsi, bunu lentə alıb yayımlamaq hədəsi, insanın şərəf və ləyaqətinə qarşı təhqiramiz davranışlar bu ölkədə vətəndaş hüququnun hansı həddə təhlükədə olduğuna bariz nümunədir.
Sosial media üzərindən paylaşım edən ictimai fəal Bəxtiyar Hacıyevə qarşı edilən təzyiqlər hər bir Azərbaycan vətəndaşına ölkədə tənqidi fikirlər söyləməyin, haqsızlıqlara etirazın hansı iyrənc addımlarla, güc tətbiq etməklə susdurulmasını çılpaqlığı ilə nümayiş etdirir. Həmçinin bu, eyni aqibəti yaşamamaq üçün vətəndaşlara qarşı qorxu və vahimə üsuludur ki, nümayişkaranə şəkildə göstərilməsi bir daha diktatura atmosferini gücləndirir.
Belə hallar tamamilə yolverilməzdir və bunun hansısa formada xalqın qorxu və əsarət altında saxlama mexanizmi olduğunu düşünənlər kökündən yanılır.
Biz, heç bir norma tanımayan sözügedən cinayətkarlığı və bunun kimi halları kəskin tənqid edir və hakimiyyətdən bu kimi iyrənc addımlara son verilməsini tələb edirik".
Müsəlman Birliyi Hərəkatı.
24.04.2022.