MBH İdarə Heyətinin sədri həbsxanalar ilə bağlı mövcud vəziyyəti açıqladı

Müsəlman Birliyi Hərəkatının İdarə Heyətinin sədri Elçin Qasımlı 2 və 12 saylı Cəzaçəkmə Müəsisəsilərində baş verənlərlə bağlı açıqlama verib.

 

Operativ.tv Elçin Qasımlının fikirlərini olduğu kimi təqdim edir:

 

"Aylardır sürən pandemiya səbəbindən həbsxanalara nə məhbus yaxınları, nə də sovqat buraxılmır. Buna baxmayaraq xəstəliyin həbsxanalarda da yayıldığı deyilir.

Ötən günlərdə geniş xəstəlik xəbəri 13 saylı cəzaçəkmə müəsisəsində qeydə alınmışdı.

Sosial məsafənin gözlənilmədiyi, normal qidalanmadan söz getməyən yerlərdən biri də 2 saylı Cəzaçəkmə müəssisəsidir. Məhbus yaxınlarının hər növ müraciətlərinə isə heç bir cavab verilmir. Məhbus ailələrinin həbsxanadan əldə etdiyi məlumata əsasən, 2 saylı CÇM-də artıq bir neçə gündür ağır qızdırma, nəfəs darlığı, ürəkbulanma və s. simptomlar məhbuslar arasında kütləvi şəkildə müşahidə olunur. Cəzaçəkmə müəssisəsində ayaq üstə dura bilməyib huşunu itirənlərin sayı hər gün artmaqdadır. Xəstəlik səbəbindən üç nəfərin karantinə, dörd nəfərin isə "tub zona" köçürüldüyü bildirilib. (Məhbuslar əminliklə bunun Covid-19 olduğunu deyir) . Oxşar vəziyyətin 12 saylı Cəzaçəkmə Müəssisəsində də yaşandığı, 14 məhbusun karantinə alındığı bildirilir. Məhbusların saxlanıldığı digər yerlərdən də bənzər xəbərlər gəlməkdədir.
Ailələr isə əzizlərinin bu halda can çəkişmələrindən narahatdırlar. Dövlət qurumlarından heç bir cavab ala bilməyən ailə üzvləri bizə müraciət edərək, məsələni ictimailəşdirməyimizi istəyirlər. Mətbuat vasitəsilə əlaqədər təşkilatlardan, hüquq müdafiəçilərindən yardım gözləyirlər. Dövlət və cəmiyyət xüsusilə bu məsələyə biganə qalmamalı və təcili tədbirlər görülməlidir.

Qeyd edək ki, dünyanın bir çox ölkələrində koronavirus səbəbilə qatı cinayətkarlar istisna olmaqla məhkumlar həbsdən azad edilir.
Ölkəmizdə də oxşar qərarın verilməsi vəziyyətdən ən yaxşı çıxış yoludur"