Məhərrəm ayının 13-cü gününün tarixi hadisələri

Aşura faciəsindən sonra İmam Hüseynin ailəsi əsir götürülərək, Kufəyə aparıldı. Məhərrəm ayının 11 və 12-də Kufə şəhərində zindana atılan və ya şəhərdə əsir kimi küçə bəküçə gəzdirilən uşaq, qadın və xəstələrdən ibarət əsirlər Məhərrəmin 13-cü günündə Yezidin İraq üzrə valisi Ubeydullah ibni Ziyadın hüzuruna gətirildilər.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Məhərrəm ayının 13-ü Aşura faciəsi və ondan sonrakı proseslərlə bağlı bir sıra tarixi hadisələrlə yadda qalıb.

Məhz bu gündə İmam Hüseynin qadın, uşaq və xəstələrdən ibarət ailəsi Yezidin İraq üzrə valisinin sarayına aparıldı. İmam Hüseynin ailəsi saraya daxil ediləndə, Kərbəlada kəsilmiş mübarək başlar da Yezidin valisinin hüzurunda idi. O tez tez İmam Hüseynin mübarək başına baxır, ailəsinin qarşısında onu təhqir edir və bu yolla ailəsinə fiziki işkəncədən əlavə mənəvi işkəncə də verdiyini düşünürdü.

O, “gördünüzmü Allah sizin başınıza nə müsibət gətirdi?!”, deyərək tənə vurduğunu düşünürdü. İmam Hüseynin şücaətli bacısı həzrət Zeynəb isə “Mən burada gözəllikdən başqa bir şey görmədim. Allah onlara öz yolunda şəhid olmağı nəsib edib və indi onlar əbədi evinə gediblər.”

Həzrət Zeynəb İbni Ziyadın bu və sair tənələrinə dərhal yerindəcə cavab verirdi.

Dördüncü imam da xəstə halda əsirlərin arasında idi. O, atası İmam Hüseynin və digər səhabələrinin mübarək başlarına və edilən mənəvi işkəncələrə dərhal cavab verirdi. Ubeydullah onun da edam edilməsi əmrini vermək istəyirdi. Lakin imam buyurdu:

“Sən bilmirsən ki, ölüm bizim üçün adi bir şeydir və bilmirsən ki, şəhid olmaq Allah tərəfindən bizə verilən bir kəramətdir?!”

İmam Səccad əleyhissalam və həzrət Zeynəb elə Kufədən və İbni-Ziyadın sarayından başlayaraq Kərbəla faciəsinin mahiyyətini açıqlamağa və təbliğ etməyə başladılar. Onların o təbliği indi də öz bəhrəsini verməkdədir.

İbni-Ziyadın hüzurunda ona kəskin etiraz edənlərdən biri də Abdullah ibni Əfif idi ki, bir neçə gün sonra o da edam edildi.

İbni Ziyad məhz bu gündə Şamda Yezidə məktub göndərərək, İmam Hüseyni qətlə yetirdiyini fəxrlə bildirdi. O bu gündə Mədinə və digər şəhərlərə də məktub yazaraq Yezidin əsas düşmənini qətlə yetirdiyini öyünərək açıqladı.

Qeyd edək ki, İbni-Ziyad bu hadisədən altı ilə sonra İmam Hüseynin intiqamını alan Muxtar Səqəfinin ordusu tərəfindən məğlub olur və cəhənnəmə vasil edilir.