Milli Şura siyasi motivli həbslərin yeni dalğasını pisləyir

 Siyasi motivli həbslərin və polis zorakılığının yeni dalğası ilə bağlı Demokratik Qüvvələrin Milli Şurasının bəyanatla çıxış edib. Bu barədə məlumatı Turan-a istinadən Operativ.tv verib. 

«Ölkədə son dövrlərdə ayrı-ayrı ictimai-siyasi xadimlərə, müstəqil media mənsublarına qarşı artan təhdid və zorakılıqlara etiraz olaraq mayın 14-də Bakıda ictimai fəalların yürüş-mitinqi keçirildi. Aksiyadan əvvəl və aksiya zamanı fəallardan 30 nəfərə qədəri saxlanılaraq, sonradan Bakıdan xeyli uzaq yerlər də daxil olmaqla, müxtəlif ərazilərdə sərbəst buraxıldı. Aksiya istirakçılarına qarşı şiddətli olmasa da, polis zorakılıqları törədildi», - deyə bayanatda bildirilir.

Mayın 21-də bəlli olub ki, bloqçu, keçmiş siyasi məhbus Rəşad Ramazanov yenidən həbs edilib. Bu dəfə də onu narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə ittiham edərək, barəsində 4 ay (ilkin istintaq dövrü üçün) həbs qətimkan tədbiri seçiblər. İttihamın qurama olduğu şübhə doğurmur. R.Ramazanov həbsdən çıxandan sonra bir müddət muhacir həyatı yaşayıb və bu dövrdə də hakimiyyətə qarşı sərt tənqidlərini davam etdirib. Ona görə də ölkəyə qayıdan kimi təqib altına alınıb və sonunda həbs edilib.

Mayın 20-də Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətov sifarişli məhkəmə hökmü ilə 6 il azadlıqdan məhrum edilib. R.Hümbəyov da narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunurdu. Halbuki o, fəal ictimaiyyət arasında məhz narkomaniya ilə mübarizəsinə görə tanınıb. Onun da hakimiyyətə tənqidi münasibətinə və ictimai fəaliyyətinə, xüsusən də MBH üzvü olduğuna görə şərlənərək həbs edildiyi şübhə doğurmur.

Razi Hümbətovun məhkəməsi zamanı polislər məhkəmə binası önünə toplaşan MBH üzvlərini zorakılıqla saxlayaraq, ərazidən uzaqlaşdırıb. Sonradan bəlli olub ki, onlardan üçünə - Ağəli Yəhyayev, İmran Məmmədli və Elgiz Məmmədova 30 sutka inzibati həbs cəzası verilib. Ən azı 2 nəfər isə - Süleyman Ələkbərov və Mail Kərimov DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ("bandotdel") aparılaraq ağır işgəncələrə məruz qoyulub. Onları ləyaqətlərini alçaldan hərəkətlərə və cinsi zorakılığa məruz qoyulacaqları təhdidi ilə məcbur ediblər ki, bir daha belə məhkəmə proseslərini izləməyə getməyəcəklərinə dair videoçəkilişlə öhdəlik götürsünlər.

Mayın 19-da Almaniyadan ölkəmizə qaytarılan mühacir fəal Ziya İbrahimli Bakı hava limanında saxlanılıb. Z.İbrahimli Almaniyadan deportasiya edildikdən sonra Azərbaycanda müxtəlif qurama ittihamlarla həbs edilən, mühacir fəal olmuş 6-cı şəxsdir. Azərbaycan hakimiyyəti bu həbslərlə həm də ölkəyə qaytarılan mühacirləri təqib etməyəcəyinə dair üzərinə götürdüyü beynəlxalq öhdəliyi pozur.

Mayın 14-də Bakıdakı aksiyaya dəstək məqsədilə Mingəçevirdə "Kriminal dövlət istəmirik!" şüarı qaldıraraq, təkbaşına aksiya keçirmiş AXCP fəalı Ceyhun Rzayev mayın 17-də polislər tərəfindən bir neçə saatlığa saxlanılıb. Bu müddətdə DİN-in sözçüsü mediaya açıqlama verib ki, C.Rzayev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir. Bu isə narahatlığa əsas verir ki, C.Rzayev hazırda sərbəst olsa da, hər an narkotik ittihamı ilə şərlənərək həbs edilə bilər.

AXCP Ali Məclisinin üzvü Orxan Cahangirov da Bakıdakı 14 may aksiyasından sonra həbs olunmaq təhlükəsilə üzləşib. Özünün verdiyi məlumata görə, polislər onun daimi yaşadığı evi nəzarətə götürüblər və bu üzdən müvəqqəti başqa yerdə məskunlaşmaq məcburiyyətində qalıb. O.Cahangirov 14 may aksiyasının fəal iştirakçısı olub, aksiyada sərt çıxışı ilə yadda qalıb.

Bu arada hakimiyyətin siyasi məhbus, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevi daha uzun müddətə həbsdə saxlamaq istədiyi müşahidə olunur. Ə.Əliyev bu ilin yanvarında 5 ay müddətinə azadlıqdan məhrum edilib. Cəza müddəti bitən ərəfədə ikinci dəfə məhkəməyə verilərək cəzası daha 1 ay uzadılıb. İndi isə yenidən xüsusi ittiham qaydası ilə məhkəməyə verilib və iş icraata götürülüb.

«Təəssüf ki, Azərbaycan hakimiyyəti dünyada baş verənləri anlamır və beynəlxalq çağırışları ciddiyə almır. Hələ də belə hesab edir ki, xalqın azadlıq və demokratiyaya keçid istəyini sona qədər polis zorakılığı və sifarişli həbslərlə boğa biləcək.

Belə görünür ki, dəyişən dünyanın yeni reallıqlarını dərk və qəbul etməsi üçün beynəlxalq birlik Azərbaycan hakimiyyəti ilə daha sərt və açıq danışmalıdır. Milli Şura olaraq beynəlxalq birliyi fundamental insan haqları mövzusunda rəsmi Bakıya qarşı daha tələbkar olmağa çağırırıq», - deyə DQMŞ-nın bəyanatının sonunda bildirilir.