Müdafiə Nazirliyi müharibədən qayıdan əsgərlərə xəbərdarlıq etdi

"Səfərbərlik üzrə hərbi xidmətə çağırılaraq Vətən müharibəsində iştirak etmiş şəxslər tərəfindən son zamanlar sosial şəbəkələr vasitəsilə müxtəlif məsələlər ilə bağlı videolar paylaşılır. Bu cür videoların sosial şəbəkələrdə paylaşılması müzəffər Azərbaycan Ordusunun nüfuzuna xələl gətirməklə yanaşı düşmənlərimizin maraqlarına xidmət edir".
 
Bu barədə yanvarın 11-də Müdafiə Nazirliyinin mətbuat xidmətindən yayılan məlumatda bildirilib.
 
Nazirliyin məlumatına görə, videolar vasitəsilə edilən müraciətlərin həll olunmasında yaranan çətinliklər həmin müraciətlərin anonim edilməsindən irəli gəlir.
 
"Bir daha bildiririk ki, səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılmış komissiya bu gündən fəaliyyətə başlayıb və bu barədə nazırliyin rəsmi internet səhifəsində ətraflı məlumat verilib. Qaldırılan məsələlərin baxılması və həll olunması üçün səfərbərlikdən tərxis edilmiş şəxslər öz müraciətlərini sosial şəbəkələrdə video paylaşmaqla deyil, Müdafiə Nazirliyinin yeni yaradılmış komissiyasına ünvanlamalıdırlar" - Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub.