“Müdafiə Xətti”-nin 13-19 iyun tarixləri arasında Azərbaycanda qeydə aldığı hüquq pozuntuları

“Müdafiə Xətti” İnsan Haqları Təşkilatının 2022-ci ilin 13 iyun-19 iyun tarixləri arasında Azərbaycanda qeydə aldığı hüquq pozuntuları ilə bağlı bülleteni.
14 iyun 2022-ci il.Fransada yaşayan bloqer Məhəmməd Mirzəliyə sui-qəsd cəhdində şübhəli bilinən iki nəfər saxlanılıb. Onlardan biri Azərbaycan vətəndaşı Xəyyam Haqverdiyevdir. O, 2018-ci ildə Kiyevdə adam oğurluğunda ittiham edilərək bir dəfə saxlanılıb. İkinci şəxs isə Moldova vətəndaşı, etnik qaqauz Andrey Topaldır. Həbs edilənlərin avtomobilindən odlu silah, telefonlarından isə Məhəmməd Mirzəlinin fotoları və ünvanı tapılıb. Hər iki killer Məhəmməd Mirzəlini öldürmək üçün sifariş aldıqlarını etiraf ediblər və məhkəmə onların barəsində həbs qətimkan tədbiri seçib.
16 iyun 2022-ci il. “Tərtər işi” ilə bağlı həbs olunan şəxslərin yaxınları Hərbi Prokurorluğun inzibati binasının qarşısında etiraz aksiyası keçiriblər. Onlar məsələnin ədalətli araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb ediblər. Aksiya iştirakçılarının sözlərinə görə, həmin iş üzrə həbsdə olan hərbiçilər təqsirsiz ola-ola işgəncələrə məruz qalıblar. Aksiya zamanı “Tərtər işi” üzrə azadlıqdan məhum edilən şəxslərin azadlığı, hərbi prokuror Xanlar Vəliyevin istefası tələb edilib.
“Müdafiə Xətti” qeyd edir ki, “Tərtər işi” dedikdə 2017-ci ilin aprel-iyun aylarında Azərbaycan Silahlı Qüvvələrinə mənsub olan şəxsi heyətin bir hissəsinin (Tərtər rayonu üzrə) Ermənistan xüsusi xidmət orqanlarına xidmət etməkdə təqsirləndirilməsi, ağır işgəncələrə məruz qalması nəzərdə tutulur. Həmin dövrdə 10 -dan çox hərbçi işgəncələr nəticəsində qətlə yetrilib, 1700-dən çox hərbi qulluqçu işgəncəyə məruz qalıb.
17 iyun 2022-ci il. AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi, qanunsuz surətdə azdlıqdan məhrum edilən Niyaməddin Əhmədova qarşı saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində təzyiqlər davam etdirilir. CÇM-nin əməliyyat- rejim rəisi vəzifəsini icra edən Namiq adlı şəxs (soyadını dəqiqləşdirmək mümkün olmayıb) və əməliyatçı, baş leytenant Şamil Xamıyev Niyaməddin Əhmədovu döyərək ona işgəncə veriblər. Onun saçını qırxıb bir gecə cərimə kamerasında saxladıqdan sonra iyunun 16-da müəssisənin yaşayış sahəsinə (“barak”) qaytarıblar. Baş leytenant Xamıyev ona bildirib ki, “kimə istəyirsən şikayət et”. Niyaməddin Əhmədova növbəti dəfə töhmət verilib və Qobustan həbsxanasına (ağır şəraiti ilə fərqlənir) göndərilməklə hədələnib.
17 iyun 2022-ci il. Müsəlman Birliyi Hərəkatının üzvü Fariz Əliyev həbsdə aclıq akiyası keçirən sədri Taleh Bağırzadə və digər əqidədaşlarına dəstəyini ifadə etmək məqsədilə Ədliyyə Nazirliyi qarşısında aksiya keçirib. Polis əməkdaşları onu saxlayaraq, əvvəlcə qəbula aparmaq istədiklərini deyiblər. F.Əliyev qəbula getmək istəmədiyini deyəndə isə onu zor tətbiq edərək polis maşınına mindiriblər, naməlum istiqamətə aparıblar. Bir neçə saatdan sonra o, sərbəst buraxılıb.
19 iyun 2022-ci il. Üç inanclı fəal – Yasin Əhmədov, Vüqar Əliyev və Nicat Əliyevin saxlanılıb. Yasin Əhmədova Sumqayıt Şəhər Məhkəməsinin qərarıyla 10 sutka inzibati həbs cəzası verilib. Vüqar və Nicat Əliyevlərin yaxınları isə onların Sumqayıtdakı polis bölmələrindən birində olması haqda məlumat əldə ediblər.Adları çəkilən inanclı fəalların yaxınları onların Sumqayıtda divara yazılmış “Allahı söyənlərə cəza” şuarına görə saxlandığını iddia edir.