“Müdafiə Xətti”-nin qeydə aldığı növbəti hüquq pozuntuları ilə bağlı bülleteni

“Müdafiə Xətti” İnsan Haqları Təşkilatının 2022-ci ilin 18 sentyabr-25 sentyabr tarixləri arasında Azərbaycanda qeydə aldığı hüquq pozuntuları ilə bağlı 56 saylı bülleteni
20 sentyabr 2022-ci il. Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində yenidən cinayət işi başlanıb. Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma-ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsilə cinayət işi başlanıb, VİP sədri təqsirləqndirilən şəxs qismində cəlb edilib. Ə. Əliyev saxlandığı Bakı İstintaq Təcridxanasında kamera yoldaşına xəsarət yetirməkdə ittiham olunur. “Müdafiə Xətti” qeyd edir ki, cari ildə VİP sədri Ə. Əliyev 4 dəfə siyasi yüklü cinayət təqibinə məruz qalıb. Məhkəmə onun ümumilikdə 1 il müddətə azadlıqdan məhrum edilməsinə qərar verib. Ə.Əliyevin qanunsuz cəza müddəti 2023-cü ilin yanvarında başa çatır.
20 sentyabr 2022-ci il. "Demokratiya 1918” Hərəkatının sədri Əhməd Məmmədli saxlanılıb. O, Səbail Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib. Ə. Məmmədli həbsinə etiraz rəmzi olaraq aclıq aksiyasına başlayıb. Hərəkat sədrinin həbsi dövlət başçısı İlham Əliyevin siyasətini tənqid etməsi ilə əlaqələndirilir.
21 sentyabr 2022-ci il. Həbsdə olan jurnalist Əvəz Zeynallıya növbəti ittiham irəli sürülüb. O, Cinayət Məcəlləsinin 312.1.1 maddəsi (nüfuz alveri) ilə ittiham olunur. Ə. Zeynallı, eyni zamanda, passiv rüşvətxorluqda ittiham olunur.
23 sentyabr 2022-ci il. “Kanal 13” internet televiziyasının Bakı ofisinin rəhbəri Əziz Orucov Baş Prokurorluğa çağırılıb. Baş Prokurorluq edia edir ki, Əziz Orucov tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirən, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salan videolar yerləşdirilib. Ə. Orucova xəbərdarlıq edilib.
24 sentyab 2022-ci il. Müxalif fəal Mahir Babayev sosial şəbəkələr üzərindən dövlət başçısı İlham Əliyevə uşağın anadan olması ilə bağlı müavinətlərin nə zaman (“uşaq pulu”) veriləcəyi ilə bağlı kinayəli sual verib, az sonra polis tərəfindən saxlanılıb. O, polisə müqavimət göstərməkdə ittiham olunaraq 30 sutka inzibati qaydada həbs edilib.
24 sentyabr 2022-ci il. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı haqqında hökumətyönlü informasiya resurslarında böhtan və təhqir xarakterli informasiyalar yayılır. M. Qəhrəmanlı hökumətin hüquq siyasətini tənqid edən hüquq müdafiəçisi kimi tanınır və Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatın Azərbaycanın enerji sektorunda insan haqlarının qorunması, enerji sektoru ilə bağlı maliyyə axınlarından Azərbaycan cəmiyyətinin xeyrinə istifadə olunması və bu sahədə ictimai nəzarət sisteminin yaradılması uğrunda mübarizə aparır.