“Müsəlman Birliyi” Hərəkatının üzvləri öz tərəfdarlarının aclıq aksiyası barədə-VİDEO

Bazar ertəsi “Müsəlman Birliyi” Hərəkatının bir qrup fəalı həbsdə olan dindarlrın aclıq etməsilə əlaqədar mətbuat konfransı keçirib. Bu barədə məlumatı Operativ.tv Turan-a istinadən yayıb.

Hərəkatın sədr müavini Elçin Qasımov bildirib ki, hazırda aclıq edənlərin sayı 10 nəfərdir, lakin hakimiyyət aksiyaya məhəl qoymur və aclıq edənlər haqda məlumat vermir.

"Biz bu məsələni sivil şəkildə həll etməyə çalışdıq, lakin, görünür, hakimiyyət bunu istəmir", - o deyib.

“Biz aclıq edənlərdən və onların ailələrindən danışmırıq, biz hakimiyyəti Allaha hörmət etməyə çağırırıq. Qoy, araşdırma aparsınlar və günahkarları cəzalandırsınlar” - deyə o, sözlərinə davam edib.

Qasımov xatırladıb ki, hüquq müdafiəçisi Rüfət Səfərov ombudsmana müraciət edərək Qobustan həbsxanasına baş çəkməyə və aclıq aksiyasının təşəbbüsçüsü Taleh Bağırzadənin vəziyyətini yoxlamağa çağırıb.

Xatırladaq ki, dindarların aclıq etməsinə dindarların saxlanılması və dindirilməsi zamanı  polislərin təhqiramiz ifadələri səbəb olub.