Niderland parlamenti Azərbaycana dair qətnamə qəbul edib

Turan:  Oktyabrın 14-də Niderland parlamentinin demək olar ki, yekdilliklə qəbul etdiyi qətnamədə deyilir ki, Azərbaycanda hakimiyyətin müxalifət və vətəndaşlara qarşı repressiyaları artıb.  Bu barədə Turan-a Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bildirib.

Onun sözlərinə görə, müzakirələrin təşəbbüskarı Sülh və Demokratiya İnstitutudur. Qurum  Azərbaycanda insan hüquqlarının vəziyyəti, ölkədə 122 siyasi məhbusun olması, əsasən "Tərtər işi"nin fiqurantlarına qarşı işgəncələr barədə hesabatla parlamentə müraciət edib. 

Sülh və Demokratiya İnstitutu bu problemlərə diqqəti dekabr ayında keçiriləcək "Şərq Tərəfdaşlığı" sammiti ərəfəsində yönəldib. Sammitə Azərbaycan prezidenti İlham Əliyev də dəvət edilib. 

Leyla Yunusun sözlərinə görə Niderland parlamenti Avropa Komissiyasını "Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin pisləşməsini" nəzərdən keçirməyə çağırıb.