Oqtay Gülalıyevin işində adı keçən həkimlərin fəaliyyəti yenidən araşdırılır

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin işində adı keçən həkimlər yenidən istintaqa cəlb olunur.
Bu barədə “Toplum TV”-yə oğlu Təbriz Güləliyev məlumat verib:
“Yanvarın 25-də bizi Nəsimi rayon Prokurorluğuna çağırdılar. Anam Firuzə Gülaliyevadan şahid qismində izahat alındı. Prokurorluq bildirdi ki, işə yenidən baxılacaq”.
T.Gülalıyev qeyd edib ki, prokurorluqdakı görüşdə 1 saylı Dövlət Kliniki Tibb Mərkəzinin və “Baku City Hospital” özəl klinikasının həkimlərinin O.Gülalıyevin komaya düşməsinə, beynində ciddi xəsarətlərə gətirib çıxaran və bu günə qədər davam edən komatoz vəziyyətinə səbəb olmuş hərəkətləri müzakirə olunub.
“Atam City Hospitalın baş revmatoluqu Toğrul Adıgözəlovun nəzarətində olub. Anam dəfələrlə əməliyyatın gecikdirilməsi ilə bağlı xəbərdarlıq etsə də, həkim işinə qeyri-ciddi yanaşıb, “Göstəriş verməyin, biz nə etmək lazım gəldiyini bilirik” deyə cavab verib”.

T.Gülalıyev əməliyyatın 17 saat gecikmə ilə - ictimaiyyətin təzyiqindən və yüksək səviyyədə göstəriş verildikdən sonra baş tutduğunu, növbəti əməliyyatların Türkiyənin “Avrasiya” və “American Hospital” xəstəxanalarında həyata keçirildiyini, Heydər Əliyev Fondunun yardımı ilə atasının bir il boyu ikincisində müalicə aldığını xatırladıb.

Onun sözlərinə görə, ilkin mərhələdə həkimlər istintaqa cəlb edilsələr də, sonradan ekspertiza rəyi əsas götürülərək onlarla bağlı hissəyə xitam verilib, ancaq bu haqda nə zərərçəkənin vəkilinə, nə də ailə üzvlərinə məlumat verilib:
“Baş Prokurorluğa müraciətimizdən sonra - yanvarın 21-də bizi görüşə dəvət etdilər. Onların göstərişilə Nəsimi Rayon Prokurorluğunda bu məsələ yenidən araşdırılır”.