Öz doğum günündə şəhid olan XTQ-nin giziri Samir Mehdiyev-VİDEO

Şuşanı azad edən oğullardan gizir Mehdiyev Samir Vaqif oğlunu tanıyaq...
1993-cü il noyabrın 8-də Bakının Zirə qəsəbəsində anadan olub. 241 saylı tam orta məktəbi bitirib. 2016-cı ildən Xüsusi Təyinatlı Qüvvələrdə çalışmağa başlayıb. Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunan hərbi paradda xüsusi medalla təltif olunub. Vətən müharibəsində qəhrəmancasına döyüşüb, xüsusi igidliyi ilə seçilib...
Samir “Mən şəhid olsam evə gələnləri gülər üzlə qarşılayarsan” deyib anasına...
Anası Mahirə xanım yeganə oğlu Samirin doğum gününə və iki gün sonra qələbə münasibətilə hazırladığı tortları evə başsağlığına gələnlərə paylayıb. Samirin arzuladığı kimi... “Bu tortdan yeyin ki, Samirimin ruhu şad olsun” deyib...
Subay idi Samir. Anası deyir ki, bəyəndiyi qız var idi, biləndə ki, ailənin tək qızıdır fikrindən daşındı: “Valideynləri tez-tez qızlarını görmək istəyəcək, mənimsə yerim vaxtaşırı dəyişir, ailəsi mənə görə əziyyət çəkməsin” deyib...
Noyabrın 10-da Samirin şəhid olması xəbəri gəlib... Ayın 5-də Şuşa uğrunda döyüşlərdə şəhid olduğu bildirilib. Yaxınları deyir ki, Samir iplə, bıçaqla, əlbəyaxa döyüşürdü. Heç kim üzbəüz ona qalib gələ bilməzdi, boynundan atəş açıb öldürüblər...
Babası Kamal kişi Samirin yoxluğuna dözə bilməyib, dünyasını dəyişib...
Gizir Samir Mehdiyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib...
Sabah ailəsi Samirin yoxluğunun qırxıncı gününü qeyd edəcək... Səbr diləyirik... Oğullarının tanınmasını, haqqında daha çox danışılmasını, unudulmamasını arzulayırlar...
Nur içində uyu, igid Samir...
Paylaşdı: Vusala Mammadova