Özbəkistan polisi Qaraqalpaq vilayətində qanunsuz aksiyanın qarşısını alıb

Özbəkistan Daxili İşlər Nazirliyi Qaraqalpaq vilayətinin mərkəzi Nukus şəhərində qanunsuz aksiyanın qarşısının alınması ilə bağlı məlumat yayıb.

Operativ.tvAPA-ya istinadən yaydığı xəbərə görə, məlumatda artıq asayişin bərpa olunduğu bildirilir.

Məlumatda göstərilir ki, iyulun birində saat 15.00-dan başlayaraq Qaraqalpaqstanın bəzi sakinləri respublikada keçirilən konstitusiya islahatlarının yanlış təfsir edilməsi səbəbindən Nukus şəhərində yürüş təşkil ediblər. Bunun ardınca onlar kəndli bazarına yığışaraq qanunsuz nümayiş keçiriblər. İctimai asayişin bərpa olunması və qanun pozuntusunun qarşısını almaq üçün bazara hüquq-mühafizə orqanlarının şəxsi heyət və texnikası cəlb olunub. Hazırda şəhərdə ictimai asayiş bərpa olunub.

Nazirliyin məlumatında qeyd edilir ki, əhaliyə qanunun pozulmasının yolverilməzliyi izah olunub, həmçinin vətəndaşların müraciətlərinə müəyyən edilmiş qaydada baxılıb.

Qeyd edək ki, Qaraqalpaqstan Özbəkistanın tərkibində muxtar respublikadır. Ölkənin şərqində yerləşən muxtar qurum Özbəkistan ərazisinin 40%-ni əhatə edir. Özbək və qaraaqalpaq dilləri muxtar respublikanın rəsmi dilləridir.

Çərşənbə günü keçiridiyi iclasda Özbəkistan Mərkəzi Seçki Komissiyası konstitusiyaya düzəlişlə bağlı referenduma dair məsələni müzakirə edib. 1992-ci ildə qəbul edilmiş hazırki Əsas Qanuna iki yüzədək dəyişiklik təklif edilib. Yeni layihəyə görə, Qaraqalpaqstanın referendum yolu ilə Özbəkistanın tərkibindən ayrıla bilməsinə dair maddə konstitusiyadan çıxarılır.