Qarabağ qazisi: “Sosial yardım almıram, kimin nəyə gücü çatırsa, yardım etsin”

II Qarabağ müharibəsinin qazisi, Tərtərin Seydimli kənd sakini Sərxan Əliyev də səfərbərliklə orduya çağırılanlardandır.

O, sentyabrın 21-də hərbi təlim və toplanışlara çağırılıb. Orduya çağırılana qədər isə günəmuzd fəhlə işləyib. 

28 yaşlı qazinin ilk döyüş yolu isə sentyabrın 27-də Talış istiqamətindən başlayıb. 

Daha sonra Suqovuşanın (Madagiz) azad edilməsi ilə bağlı təşkil edilən əməliyyatlarda iştirak edib. 

Elə sentyabrın 28-də də axşam saatlarında Suqovuşanda minaatandan açılan atəş nəticəsində yaralanıb. 

3 uşaq atası olan Sərxan Əliyev “Toplum TV”-yə deyir ki, qəlpə sağ ayağını yaralayıb.

Dediyinə görə, ona ilk tibbi yardım Naftalanda edilib, daha sonra  Gəncəyə gətirilərək əməliyyat olunub. 

İkinci dəfə Bakıda - Travmatologiya və Ortopediya İnstitutunda əməliyyat olunub və elə buradan da evə buraxılıb.

Hələ də ev şəraitində müalicə aldığını deyən Sərxan Əliyevə vaxtaşırı dərmanlar da verilir, amma ayağında hələ də qəlpə qalıb: “Tərtər Rayon Mərkəzi Xəstəxanası dərmanlarımı verir, ev şəraitində müalicə alıram. Ayağıma dəyən 6 qəlpədən 4-ü çıxarılıb, digər ikisi isə hələ də ayağımdadır. Sağ ayağım dizimə qədər sınıb, diz qapağım da zədələnib”. 

 

 

Uşaqlarından birinin 5, digərinin 3 yaşı var, sonuncusu isə 5 aylıqdır: “Kiçik övladımın başına maye yığılmışdı. O, xeyirxah insanların yardımı ilə müalicə olunur və səhhəti yaxşıya doğru gedir”. 

Müharibə zamanı dünyaya gələn kiçik övladından sonra isə həyat yoldaşının süd vəzisində şiş əmələ gəlib: “Tərtər Rayon Mərkəzi Xəstəxanasına apardıq. Dedilər ki, Bakıya getməli, Milli Onkologiya Mərkəzində müayinə olunmalıdır. 3 aydır ki, döşündə yaranan şiş onu incidir”. 

O deyir ki, hazırda ailədə işləyən və təqaüd alan yoxdur. 

Sərxan Əliyevin sözlərinə görə,  hələ ki dövlətdən hər hansısa sosial yardım almayıb, yaralandığı zamandan etibarən isə evinin ehtiyacları fərdi yardım edən insanların sayəsində qarşılanıb: “Ayağımda aparat olduğu üçün hələ ki yardım verilməyib, o çıxarılandan sonra əlillik qrupu təyin olunacaq və ona əsasən müavinət veriləcək”. 

O, İcra Hakimiyyətinin də biganəliyindən də söz açır: “Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları bircə dəfə evimizə gəliblər. Onlar uşaq üçün yemək və bez verirlər, amma daha ciddi problemləri həll etməkdən boyun qaçırırlar. Əsas istədiyim yoldaşımın müayinə olunmasıdır. Gündəlik ehtiyaclarımız üçün isə kimin nəyə gücü çatırsa yardım etsin”. 

“Toplum TV” Tərtər Rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlayıb. 

Xəstəxanadan bildiriblər ki, dövlət əsaslı tibb müəssisələrində müayinələr pulsuzdur: “Milli Onkologiya Mərkəzinə biopsiya götürülməsi və şişin mənşəyinin araşdırılması üçün də göndəriş veriləcək. Bu da dövlət xəstəxanasıdır. Göndərişi ona görə veririk ki, dövlət xəstəxanalarının hamısı pulsuzdur”.