Qaz xəttinə qanunsuz müdaxilə 80 evi qazsız qoydu - Foto

Dünən axşam saatlarında Masallı rayonunun 1-ci Yeddioymaq kəndində qaz xəttinə qanunsuz müdaxilə faktı aşkarlanıb.

 

"Azəriqaz"dan Operativ.tv-yə bildirilib ki, qanunsuz müdaxilə nəticəsində 80 ev qazsız qalıb. Belə ki, qazın bağlanması və təmir işinin görülməsi barədə daxil olmuş məlumat əsasında əraziyə 104 qəza xidmətinin işçiləri baş çəkiblər. Onlar kənd sakinlərinin qaz xəttini özbaşına bağlayaraq xəttin yerini dəyişdiklərinin şahidi olublar. Bu qanunsuz hərəkət 80 abonentin qazsız qalmasına gətirib çıxarıb.

 

"Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional qaz istismarı İdarəsindən verilən məlumata görə hadisə aktlaşdırılıb, müdaxilə zamanı siyirtmə işlək durumda olmadığından qaz təchizatı hələlik bərpa olunmayıb. Vətəndaşlardan xahiş edilir ki, qaz xəttinin yerdəyişməsi üçün yerli xidmət sahələrinə müraciət edib, lazımi prosedurları icra etməklə bu işi peşəkarların görməsinə şərait yaratsınlar.

 

Qaz qurğuları və avadanlıqlarına qanunsuz müdaxilə təhlükəsizlik baxımından bədbəxt hadisə ilə nəticələnə bilər. Belə halları müşahidə edənlərdən isə xahiş olunur ki, mütləq Birliyin 104/185 saylı "Çağrı Mərkəzi"nə və yaxud 077 3104104 saylı "Whatsapp" nömrəsinə məlumat versinlər.