Qülləyə “İmam Hüseyn” bayrağı vuran gəncdən günlərdir ki, xəbər yoxdur

Aşura günü, avqustun 8-də yaşadığı Ramana qəsəbəsində qülləyə “İmam Hüseyn” bayrağı vuran şəxsdən artıq 4 gündür ki, xəbər yoxdur. Ailəsinin bildirdiyinə görə Aşura günü Ramana qəsəbəsində “İmam Əli” məscidindən polislər tərəfindən qara bayraqlar, əza məclisinə müvafiq bayraqlar çıxarılır. Bundan sonra inanclı Samid Hüseynov “İmam Hüseyn” bayraqlarından birini əlinə alaraq məscidin yanındakı qülləyə qalxıb və onu zirvəyə sancıb. Sosial mediada da əksini tapan kadrlarda əraziyə gələn polis işçiləri ilə Samid Hüseynov arasında bayrağın qüllədə qalması ilə bağlı dialoq yer alıb. Ailənin iddiasına görə Samid qüllədən enən kimi onu polis işçiləri saxlayaraq naməlum istiqamətə aparıblar. Bundan sonra gəncdən heç bir xəbər ala bilməyən ailə müəyyən orqanlarla əlaqə da saxlayıb. Lakin bu günə qədər hələ ki, Samiddən heç bir xəbər yoxdur.

Məlumata görə Samid Hüseynov əslən Lənkəranlıdır və iki uşaq atasıdır.