Ərbəin xatirələri

Ərbəin xatirələri.

Bağışlayan və Mehriban Allahın adı ilə.

Bu ilin Ərbəin ziyarəti həmd olsun ki, bizlərə nəsib oldu. Əslində 2015-ci ilin Ərbəin ziyarətinə hazırlaşmışdıq. Amma Nardaran işiylə bağlı qanunsuz həbs olunmağımız ziyarətimizi əngəllədi. 6 ildən sonra Ərbəin ziyarəti nəsibimiz oldu. Allah arzusunda olanlara qismət etsin. Amin.

Ərbəin ziyarəti çox əzəmətli və təsirli ziyarətdir. Bu ziyarətin adı SeyyidüşŞühəda İmam Huseyn(ə) və Kərbəla şəhidlərinin (ə) adıyla bağlı olsa da çoxsaylı ziyarətlər də nəsibimiz oldu. Belə ki,  İmam Huseyn(ə) və Hz. Əbülfzəl Abbasla(ə) yanaşı İmam Əli(ə), İmam Museyi Kazim(ə), İmam Cavad(ə), İmam Hadi(ə), İmam Həsən Əskəri(ə) həmçinin Şəhid Muxtar Səqəfi, Şəhid Meysəm Təmmar, Şəhid Müslim ibn Əqil və digər  mühüm ziyarətgahlarda olduq.

Ziyarətlər boyunca müxtəlif ölkələrdən gələn zəvvarların necə şövqlə hərəmlərə daxil olmasını müşahidə edirdim. Doğurdan da burada böyük ibrətlər vardır. Həqiqətən də Allah təala haqq müdafiəçisinə böyük izzət və əzəmət vermişdir. Bu Allahın qəti vədlərindəndir.

Həqiqətən də bu gün başda məsum İmamlarımız(ə) olmaqla bizim şəhid məqbərələrimiz insanların ümid yerinə, inam yerinə və dönüş – tövbə məkanına çevrilmişdir. Əlbəttə ki, əqidəmizə görə şəhidlərimiz diridir. Zəvvarlar da onlara salam verir , şücaət əhliylə ünsiyyət saxlayır və əhdlərini təzələyirlər.

İnsanları haqq və həqiqətdən ayrı salan ən böyük maneə ölüm qorxusudur. Məhz şəhidləri ziyarət edərkən insanda ölüm qorxusu aradan gedir və şəhadətə, haqqı müdafiə etməyə, haqqı deməyə və haqq uğrunda canından keçməyə böyük şövq yaranır. Bu hiss  fikrimcə ziyarətin zəvvara bəxş etdiyi ən uca hiss və bəxşişdir.

Digər tərəfdən şəhidləri xüsusən də SeyyidüşŞühəda İmam Huseyn(ə)-ı ziyarət etmək özü – özlüyündə öhdəmizə böyük bir məsuliyyət qoyur. Belə ki, haqq uğrunda canlarından keçən insanları ziyarət edib onlara oxşamamaq, onlar kimi yaşamamaq zəvvar üçün böyük bir qəbahətdir. O baxımdan hər bir İmam Huseyn(ə) zəvvarı özünü İmamına(ə) oxşatmalı və haqqı müdafiə etməkdə möhkəm olmalıdır.

Allah təala bizlərə də şəhadət şərbətini içməyi nəsib etsin. Amin.

Diqqətiniz üçün təşəkkür edirəm.

Hörmətlə

Vüsal Nadiroğlu

Sosial psixoloq

Müsəlman Birliyi Hərəkatı

Elm və təhsil şöbəsi