Ərdoğan Yunanıstana xəbərdarlıq edib: ABŞ və Avropanın dəstəyi sizə kömək etməyəcək

Türkiyə bütün xarici ölkələrdən, xüsusən də qonşularından terrorizmin təzahürlərinə qarşı mübarizədə, o cümlədən qanlı təşkilatlarda əli olan şəxslərin ekstradisiyası məsələsində əməkdaşlıq gözləyir.

Operativ.tv SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Ankarada hakim partiyanın funksionerləri qarşısında çıxışı zamanı bildirib.

Türkiyə dövlətinin başçısı Qərb ölkələrinin hərəkətlərini tənqid edərək, terror təşkilatlarında əli olan şəxslərin “bu gün Avropa ölkələrinin küçələrində sərbəst gəzdiyini” bildirib. 

Dövlət başçısı qeyd edib ki, Qərb ölkələri 11 ildir ki, öz ölkələrində qanlı münaqişələrdən qaçan insanların faciəsinə məhəl qoymurlar.

"Qərbdə bütün bu faciələri görməməyi üstün tuturlar. Münaqişələrin qarşısının alınması və yeni miqrasiya dalğalarının yaranmasının qarşısını almaq üçün heç bir addım atılmır. Eyni zamanda qaçqınlar və miqrantlar üçün düşərgələrin bir hissəsi terrorçuların yerləşdirilməsi üçün ayrılıb ki, bunun bariz nümunəsi Yunanıstandakı Lavrion düşərgəsidir. 

Türkiyənin Suriya və Şimali İraqdakı zərbələrindən qaçan terrorçular bu düşərgələrdə yerləşdirilir. Mehriban qonşuluq prinsiplərini bəyan edən ölkələrdən olanlar ilk növbədə bu insanlıq və demokratiya düşmənləri dəstəsi ilə qarşılaşmalıdırlar", deyə Ərdoğan bildirib.

Prezident Yunanıstanın təxribatları ilə bağlı bölgədə yaranmış gərginliyə diqqət çəkib.

"Biz Yunanıstanı Türkiyə ilə qarşıdurmaya təhrik edən dairələrin əsl məqsədlərini yaxşı bilirik. Türkiyə Egey və Aralıq dənizlərini qarşıdurma və qan tökülmə zonasına çevirmək cəhdlərini pisləyir. Biz sülh və sabitliyin tərəfdarıyıq", deyə Türkiyə lideri vurğulayıb. 

Türkiyə liderinin sözlərinə görə, Yunanıstanın adalarda, eləcə də Türkiyə ilə quru sərhədinə yaxın ərazilərdə - Qərbi Trakiya bölgəsində yerləşdirdiyi silahlar Ankaranı qorxutmur, çünki Türkiyənin gücü bundan qat-qat çoxdur. 

"Eyni zamanda, mən Yunan xalqını ölkənin sözsüz işğal təhlükəsi barədə xəbərdar etmək istədim. Afina ABŞ və Avropa ölkələrindən gələcək dəstəklə xilas olacağına inanaraq dərindən yanılırlar. Kömək etməyəcək!", deyə Ərdoğan bildirib.