Rusiya sülhməramlılarını Moldovadan çıxarmayacağını deyir

Rusiya tərəfi Moldovada prezident seçilmiş Mayya Sandunun Dnestryanıdakı Rusiya sülhməramlılarının bölgədən çıxarılması zərurəti barədə bəyanatının regionda tənzimləmə prosesini sarsıtmaq cəhdi kimi qiymətləndirir.

RIA Novosti agentliyinin yazdığına görə bu bəyanatı noyabrın 27-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova verib.

Bundan əvvəl Sandu “Yevropeyskaya Pravda” qəzetinə müsahibəsindıə demişdi ki, Dnestryanı münaqişəsinin həlli üçün oradakı Rusiya sülhməramlıları çıxarılmalıdır.

Amma hazırkı moskvayönlü prezident İqor Dodon bu bəyanatı “ciddi səhv” adlandırıb.

Mariya Zaxarova deyib:

"Biz bu bəyanatın Dnestryanı probleminin dinc tənzimlənməsi cəhdlərinin sarsıdılmasına yönəldiyini hesab edirik”.

O iddia edib ki, Dnestryanıdakı Rusiya qoşunları əməliyyat qrupu ilk növbədə oradakı Rusiya sülhməramlı kontingentinin bir hissəsidir:

"Xatırlatmaq istərdik ki, son 25 ildə regionda Rusiya sülhməramlılarının olması bu bölgədəki stabilliyi qoruyur, qan axıdılmasına imkan vermir və güllə səsləri eşidilmir”.

Moldovada yenicə prezident seçilmiş Sandu deyib ki, o ölkəsinin bütövləşməsi və separatçı Dnestryanının Moldovanın yurisdiksiyası altına qayıtması üçün bir gün lazımi geosiyasi şəraitin yetişəcəyinə inanır.

Sandu bununla belə bəyan edib ki, münaqişənin dinc yolla həllinə tərəfdardır.