Səadət Cahangir: “Hələ ki nə pul, nə də əşyalarım qaytarılıb”

Mayın 1-də "Azadlıq" qəzetinin əməkdaşı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Səadət Cahangir Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq idarəsində şahid qismində dindirilib.
 
"Evə rəsmi axtarış sənədi ilə gəldiklərini və baxış keçirməli olduqlarını bildirdilər. Evə baxış keçirdikdə evimdən övladımın təhsil haqqı üçün topladığım 300 avro pul, mobil telefonum, şəxsi kompüterim götürüldü. Onlara pulun övladımın təhsil haqqı olduğunu bildirdiyim zaman "Protokol tərtib etdikdən sonra sizə geri veriləcək” dedilər. Hələ ki nə pul, nə də əşyalarım geri qaytarılıb", - AXCP funksioneri Toplum TV-yə danışır.
 
Səadət Cahangir axtarışın və dindirmənin səbəbinin özünə də tam aydın olmadığını bildirir: "Məni Saleh Rüstəmli, Rüslan Nəsirlinin həbs edildiyi cinayət işində şahid qismində yenidən dindirdilər. Hazırda Niyaməddin Əhmədovun (O,AXCP sədrinin ictimai əsaslarla mühafizəçisidir. Bu ilin aprelində karantin qaydalarını pozmaqda, polisə tabe olmamaqda suçlanaraq 30 sutkalıqda həbs edilmişdi – red.) da işi əlavə edilib. Mən Niyaməddin Əhmədova cinayət işinin açıldığını soruşdum, belə bir  işin olmadığı deyildi. Düzü, mən özüm də tam anlamadım. Mən "And” təşkilatı ilə birgə məhbuslar üçün göndərilən pulun ailələrə çatdırılması, məhbus ailələrinin problemleri ilə məşğul olmuşam. Bunu onlara da dedim. Niyaməddin Əhmədov bildirib ki, Oqtay Gülaliyevə yardım aksiyası zamanı toplanılan pulu mənə verib. Mən də bu haqda suallara cavab verdim”. 
 
AXCP fəalı son hadisələri siyasi həbslərin davamı kimi qiymətləndirir: "Sözsüz bu siyasi motivlidir. Biz bu cür halları birinci dəfədi deyil görürük. Heç bir halda biz öz mövqeyimizdən çəkilməyəcəyik. 30 ildir bu mübarizədəyəm, həbsə də hazıram”. 
 
Hüquqşünas və hüquq müdafiəçisi İntiqam Əliyev Səadət Cahangirin bir sıra haqlarının pozulduğunu, belə hallara jurnalist və siyasi şəxslərin həbsi zamanı tez-tez rast gəlindiyini qeyd edir. 
 
 
Cinayət-prosessual qanunvericilik istintaq orqanının əldə etdiyi sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin mövcudluğunu güman etməyə kifayət qədər əsas olduqda axtarışa yol verir. 
 
Toplanmış sübutlarla və ya əməliyyat-axtarış fəaliyyətinin materialları ilə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və sənədlərin kimdə və harada olması müəyyən edildikdə müstəntiq həmin əşya və sənədləri götürə bilər (CPM, 242-ci maddə). 
 
S.Cahangirin söylədiyinə görə axtarış üçün gələn şəxslər ona "hansısa sənəd” göstəriblər. O bildirir ki, axtarış və götürmənin məhkəmə qərarı və ya müstəntiqin öz qərarı əsasında aparıldığı, bu istintaq hərəkətlərinin hansı cinayət işi və ya təhqiqatla bağlı həyata keçirildiyi, həmçinin mənzildə olan əşyaların (kompüter, pul) götürülməsinin səbəbləri aydın deyil. 
Toplum TV deyilənlərə hüquq-mühafizə orqanlarından münasibət öyrənə bilməyib. 
 
İntiqam Əliyev 2013-2014-cü ildə hüquq müdafiəçilərinin, jurnalistlərin, digər vətəndaş cəmiyyəti fəallarının həbsi zamanı da onların evlərində, ofislərində eyni yolla axtarış aparıldığını xatırladır. Hüquqşünas hətta siyasi fəalların haqlarını müdafiə edən  vəkillərin belə pullarına dövlətin çox zaman həbs qoyduğunu qeyd edir. 
 
"Özünə müxalif (oxu - düşmən) saydığı hər kəsə maliyyə dəstəyi göstərən insanları təqib edən, onları həbsə atan hakimiyyətin Səadət Cahangirə, digər müxalif fəallara qarşı etdikləri də eyni qəbildən olan cinayətlərdəndir və pislənməlidir”, - İ.Əliyev deyir.
 
Xatırlatma üçün qeyd edək ki, 2019 cu ilin fevralında Bakı Ağır Cinayətlər Məhkəməsi Rusiya vətəndaşı Saleh Rüstəmovun 7 il 3 ay azadlıqdan məhrum edilməsi haqqında qərar çıxarıb. O, Rusiyada qanunsuz sahibkarlıqla məşğul olmaqda və AXCP-ni maliyyələşdirmək yoluyla çirkli pulları yumaqda ittiham edilib. Bu cinayət işi üzrə həbs olunan digər şəxslər - AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov 4 il, partiyanın Nərimanov rayon şöbəsinin sədr əvəzi Babək Həsənovsa 3 il azadlıqdan məhrum ediliblər. AXCP Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirov və Vidadi Rüstəmov şərti azadlığa buraxılıblar.
 
Bundan başqa AXCP karantin dövründə 13 nəfər fəalının həbsə məruz qaldığını bəyan edir. Onlardan ikisinə qarşı cinayət təqibi var və Zamin Salayev 2 il 3 ay müddətinə həbs edilib. 
 
Partiya rəhbərliyi bunu siyasi hakimiyyətin repressiyası adlandırır, onların fəaliyyətini məhdudlaşdırmaq cəhdi kimi qiymətləndirir. Rəsmilərsə ölkədə heç kimin siyasi baxışına görə təqib edilmədiyini, həmin şəxslərin sadəcə əməllərinə görə həbs edildiyini, cinayət məsuliyyətinə cəlb olunduqlarını bildirir.