Seyyid Abbas Musəvi: "Azərbaycanla İran arasında əməkdaşlıq üzrə birgə razılaşmalar icra olunur"

Azərbaycan və İran arasında əməkdaşlıq üzrə birgə razılaşmalar icra olunur.

Giperssilka Trend-ə istinadən xəbər verir ki, bunu Trend-ə açıqlamasında İranın Azərbaycandakı səfiri Seyyid Abbas Musəvi deyib.

S.A.Musəvinin sözlərinə görə, bu razılaşmalardan biri "Qız Qalası", "Xudafərin" hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlıdır:

""Qız Qalası" və "Xudafərin" hidroqovşaqlarında inşa işləri demək olar ki, yekunlaşıb. Hazırda bu hidroqovşaqlar avadanlıqlar və turbinlərin quraşdırılması mərhələsindədir. Düşünürəm ki, 1 ildən az müddətdə hidroqovşaqlar istifadəyə veriləcək”,

-deyə o bildirib.

Azərbaycan və İranın "Şimal-Cənub" nəqliyyat dəhlizinin mərkəzində yerləşdiyini deyən səfir bildirib ki, bu platformadan iki ölkənin iqtisadi inkişafı üçün istifadə olunacaq:

"Bu istiqamətdə görülən işlər çərçivəsində Astarada (İran) dəmiryol terminalının bir hissəsi istifadəyə verilib, bir hissəsində inşa işləri davam etdirilir",

- İran səfiri əlavə edib.

S.A.Musəvi deyib ki, iki ölkə arasında Astaraçay üzərində yeni körpünün inşa olunması üzrə işlərə başlanıb.

Onun sözlərinə görə, həmçinin iki ölkə arasında elektrik mübadiləsi həyata keçirilir:

"Bununla yanaşı İran, Azərbaycan və Rusiya arasında elektrik sistemlərinin sinxronlaşdırılması üzrə işlər aparılır",

- səfir vurğulayıb.