Siyasi məhbus cəbhədə döyüşmək üçün müraciət etdi

Siyasi məhbus Məhəmmədəli Axundzadə cəbhədə gedən döyüşlərdə iştirak etmək üçün rəsmi qurumlara müraciət edib.

2015-ci ilin dekabr ayının 22-də saxlanılan Məhəmmədəli Axunzadə əvvəlcə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, daha sonra isə Kürdəxanıda yerləşən 1 saylı İstintaq Təcridxanasına aparıldığını və hər iki qurumda Qarabağla bağlı fikirlər səsləndirdiyini diqqətə çatdırıb.

Məhəmmədəli Axunzadə vurğulayıb ki, Sərhəd Qoşunları sıralarında xidmət etsə də bu gün Milli Ordu sıralarına qoşulmağa tam olaraq hazırdır.

O, bundan əlavə vurğulayıb ki, ermənilərin Gəncəyə hücumu onda qəzəb hissləri yaradıb: "İstəyirik ki,  döyüşlərdə iştirak edək. Bizim də zəhmətimiz, əməyimiz  olsun. Gəncəyə edilən son hücumlar bizi həbsxanada çox narahat edir. Biz burada əlimiz və qolumuz bağlı şəkildə oturaraq daha da qəzəblənirik. Biz intiqam almaq üçün tam olaraq hazırıq".

Həbs müddətinin bitməsinə 8 ay qaldığını bildirən Məhəmmədəli Axunzadə fikirlərini belə bölüşüb: "Mən müraciət edib bildirmək istəyirəm ki, mənim həbs müddətimin bitməsinə 8 ay qalıb. 8 aydan sonra Allahın izni ilə cismani azlığa buraxılacağam. Bu da səhv anlaşılmasın ki, mən 8 aylıq həbs müddətindən qurtulmaq istəyirəm, xeyr! Yeri gəlmişkən qeyd edim ki, artıq  5 ildir ki, həbsdəyəm. Bu müddəti çəkən 8 ayı da çəkər".

Məqsədinin şəhid olmaq yox, vətəni müdafiə etmək olduğunu xatırladan Məhəmmədəli Axunzadə Xocalı soyqırımını unuda bilmədiyini də sözlərinə əlavə edib.

"Məqsədim şəhid olmaq deyil. Amma əgər Allahın o gözəl lütfü olarsa xoş bizim halımıza. Bununla belə müraciətimin əsas səbəbi odur ki, mən döyüşlərə qoşulmaq istəyirəm . Odur ki, dövlət rəsmilərindən istəyirəm ki, bu məsələni nəzərə alsınlar və tez bir zamanda zindandan azad olunaraq hərbiyə göndərilməyimə şərait yaratsınlar", - deyə Məhəmmədəli Axunzadə qeyd edib.