Siyasətçilər Azərbaycan-Ermənistan sülh razlaşması haqqında nə düşünürlər?

"Toplum TV” siyasətçilərin Azərbaycan-Ermənistan sülh razlaşması haqqında "Feysbuk” statuslarını təqdim edir.
 
Azər Qasımlı: 
"Azərbaycan hakimiyyəti milli maraqlarımızı sataraq Rusiya əsgərlərini Qarabağda yerləşdirməyə razılaşıb. İndi aydın oldu nədən Rusiya bu münaqişə boyu susurdu. Münaqişə boyu Qarabağ müharibəsinin Azərbaycan üçün müstəqillik davası olduğunu yazırdım. İlham Əliyev müstəqilliyimizi təhdit altına atdı. Qarabağda vuruşan və qan tökən əsgərlərimizin qanını bada verməkdir bu... Azərbaycan Xalqı bunu qəbul etməməlidir!”
 
 
Bəxtiyar Hacıyev: 
"Bir şey ki gecə, xalqdan gizli, parlamentlə, ictimaiyyətlə məsləhətləşməmiş, xəlvətcə razılaşdırılır, elan edilir, onda böyük əmma olur. 
 
Ermənistan özbaşına heç vaxt Azərbaycanın bir kəndini belə işğal edib, 30 il işğal altında saxlaya bilməzdi. Hamı, o cümlədən prezident də çox yaxşı bilir və deyirdi ki, Ermənistana müftə silahlar göndərən var. Hamı bilirdi ki, həm Qarabağda əsgərlərimizi vuran silahlar, həm Gəncədə, Tərtərdə, Bərdədə mülki əhalini vuran raketlər Rusiyanın Ermənistana verdiyi müftə silahlar idi. 
 
Əslində Qarabağı işğal edən Ermənistan yox, Rusiya idi. Paşinyan da Rusiyaya güvənərək Cıdır düzündə yallı gedirdi. 
 
İndi Rusiya qoşunlarının Azərbaycanda nə işi var? Sülhməramlı lazım idisə, bu missiyanı neytral ölkələrə məxsus başqa silahlı qüvvələr də edə bilərdilər. 
 
Moskvadakı 11 saatlıq danışıqlarda Azərbaycan tərəfinin ən çox dirəndiyi məqam elə Rusiya sülhməramlılarının Azərbaycana gəlməsinə müqavimət idi. Əgər razılaşılacaqdısa, o zaman döyüşləri bir ay davam etdirib, Rusiyanın müftə verdiyi silahlarla daha çox Azərbaycan əsgərinin şəhid olmasına, yaralanmasına niyə razı olunurdu?
 
Təəssüf ki, sizin kimi tam sevinə bilmirəm. Bu və yüz digər suallar mənə rahatlıq vermir. 
 
Küçələrdə siqnal verib, rəqs edib, yorulanda bunları da düşünün”.
 
İqbal Ağazadə:
"15 noyabrdan başlayaraq sülhməramlılar bölgəyə girəcək. Razılaşdırılmamış bu detalları zaman-zaman gerçəkləşdirməyə rus qoşunları izn verəcəkmi?
ƏSLA...
Tarixdə baş verənlər bizə diktə edir ki, Rusiyaya və onların həyata keçirdiyi missiyaya inanmayaq.
Buna görə də sülhməramlılar gələnə qədər bu və ya bunlara bənzər bütün suallar öz cavabını yazılı və tərəflərin imzası ilə tapmalıdır.
Əks təqdirdə Rus qoşunları bölgəyə girərək bizim aramızda dayanacaq, ermənilərin təhlükəsizliyini təmin edəcək, ermənilər isə bizim qanunları tanımayaraq yenə də əvvəlki qaydada yaşamaqda davam edərək, növbəti qanlı mərhələyə hazırlaşacaq. Bu dəfə daha ciddi və tədbirli...
Ən başlıcası...
Mən Rusiya qoşunlarının sülhməramlı adı altında bölgəyə gəlməsinin qəti əleyhinəyəm. Harda Rusiya var orda qan, qada, etnik- milli separatizm, qarşıdurma var. Tarixən bu belə olub, bu gün də heç nə dəyişməyib.
Rusiya olduğu bölgələrdə demokratikləşmənin qarşısın alır, inkişafa mane olur, maraqları tələb edəndə çəkinmədən ölkələrin daxili işinə müdaxilə edir. Cənubi Qafqazda da Rusiya öz maraqlarını məhz bu şəkildə təmin etməyə çalışır. İndi sülhməramlı adıyla Azırbaycana qayıtmağı da o planın tərkib hissəsidir.
Lakin müasir şəraitdə Dağlıq Qarabağ probleminin xarakterini və uzunömürlülüyünü, işğal coğrafiyasının genişliyini nəzərə alaraq bu variantda da müsbət çalarlar axtarmağa məhkumuq.
Özəlliklə Türkiyənin nəzarət qrupunun tərkibində hansı status və faizlə təmsilçiliyi həyəcanla gözlədiyimiz məsələdir. Yalnız bunlar bəlli olduqdan sonra sülhməramlılar haqqında qəti mövqe qoymaq olar.
İndilik...
Yuxarıda toxunduğumuz və ona bənzər problemlər Türkiyənin iştirakı ilə 15 noyabr tarixinə qədər müzakirə olunmalı, qərar qəbul olunmalı və sənədlərdə öz əksini tapmalıdır. Heç bir sual açıq və cavabsız qalmamalıdır.
Yalnız bundan sonra uğur və uğursuzluqdan danışmaq mümkündür.
Hələlik isə...
Ermənistandakı ictimai-siyasi vəziyyət bağlanılan niyyət sazişinin icrasını sual altında qoyur.
Bu şərtlər çərçivəsində bağlanılan müqaviləyə Ermənistan ictimaiyyəti etiraz edirsə, Rus qoşunlarının 15 noyabrdan əvvəl bölgəyə girməsinə heç bir halda imkan vermək olmaz. Bu məsəl
ədə Türkiyə həlledici rol oynamalıdır.
Yekun olaraq...
Bütün incəliklər sənədlər üzərində öz cavabını və əksini tapmalı, 15 noyabra kimi sənədləşdirilməli, gələcək üçün problem saxlamamalıyıq.
Hər şey öz əlimizdədir, düzgün, ardıcıl, sistemli addımlar atmalı, birliyimizi pozmamalı, qaldığımız yerdən davam etməliyik.
Hər şey Azərbaycan üçün...”
 
Arif Hacılı:
"Ciddi suallar yaradan bir bəyanat imzalanıb. 
Rus qoşununun Azərbaycana gəlməsi Konstitusiyaya ziddir. 
Türkiyənin sülhməramlı missiyada iştirakı barədə danışılsa da imzalananan sənəddə bu barədə heç nə yazılmayıb”.