Siyavuş Novruzov: Ön cəbhədə olan hərbçi ilə Bakıda oturan hərbçi eyni maaşı ala bilməz

Deputatlar parlamentin iclasında təkliflərlə çıxış ediblər

“Ön cəbhədə olan hərbçi ilə Bakıda oturan hərbçi eyni maaşı ala bilməz. Bu, dünya təcrübəsində də belədir”.

Milli Məclisin iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov belə deyib.

O qeyd edib ki, yanvar ayına qədər hərbçilərin maaşı kəsilə bilməzdi: “Burada problem yaranıb. Çünki bu məsələ müharibədən əvvəl öz həllini tapmış məsələdir. Yanvara qədər bu verildikdən sonra yeni dislokasiyaya ehtiyac yarana bilər”.

“Milli Məclisin fəaliyyəti ilə bağlı qərəzli fikirlər söylənilir"

S.Novruzov parlamentin internet televiziyasını yaradılaraq Milli Məclisdə təmsil olunan partiyaların nümayəndələrinin debatını həmin televiziyada təşkil etməyi təklif edib:

“Milli Məclisin fəaliyyəti ilə bağlı qərəzli fikirlər söylənilir. Elə məsələlər var ki, Milli Məclisin səlahiyyətinə daxil olmasa da, bunu parlamentin adı ilə bağlamağa çalışırlar. Bu kimi halların qarşısını almaq üçün Milli Məclisin internet televiziyasını yarada və bununla da öyrədilmiş insanların böhtanının qarşısını ala bilərik”.

Spiker Sahibə Qafarova bildirib ki, bu yaxınlarda İctimai TV-də “Parlament saatı” verilişi efirə gedəcək:

“Bu, keçən sessiyada olmalı idi, ancaq mövcud şərait nəzərə alındı. Bu yaxınlarda parlamentlə bağlı veriliş efirə veriləcək. Parlamentin saytı da artıq yeniləndi və bu, zamanın tələbi idi”.

"Milli Məclisdə ancaq Prezidentin imzası ilə gələn qanunlar qəbul edilir"

Deputat Fazil Mustafa Ali Məhkəməni qanunvericvilik təşəbbüsü məsələsində passiv olmaqda günahlandırıb:

“Ölkəmizdə məhkəmə islahatları getsə də, hələ də biz Milli Məclis olaraq Ali Məhkəmə tərəfindən qanunvericilik təşəbbüsü görməmişik. Ali Məhkəmə bu sahədə ciddi qanunvericilik təşəbbüsü ilə çıxış etməlidir. Milli Məclisdə ancaq Prezidentin imzası ilə gələn qanunlar qəbul edilir. Bu, əslində, doğrudur. Amma digər qurumların da qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ var. Baş Prokurorluğa da, Naxçıvan Ali Məclisinə də qanunvericilik təşəbbüsləri hüququnun olması xatırladılmalıdır”.

Milli Məclisdə qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) parlamentin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına, Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur. Onların Milli Məclisinin müzakirəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur. Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən subyektin razılığı ilə edilə bilər. Qanun və ya qərar layihələri iki ay ərzində səsə qoyulur. Qanun və ya qərar layihəsini Prezident, Ali Məhkəmə, Prokurorluq və ya Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təcili elan edibsə, bu müddət 20 gün təşkil edir.

Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir.

Rəqabət Məcəlləsi və qida təhlükəsizliyi ilə bağlı qanun qəbul edilməlidir

Deputat Əli Məsimli bildirib ki, illərdir Rəqabət Məcəlləsinin qəbulunun gecikməsi yolverilməzdir:

“Məcəllə qəbul edilsə, çox müsbət dəyişikliklər olacaq. Xüsusilə qeyri-neft sektorunun inkişafı üçün Rəqabət Məcəlləsinin qəbuluna ehtiyac var”.

Fazil Mustafa isə qeyd edib ki, qida təhlükəsizliyi ilə bağlı qanun da nəhayət qəbul edilməlidir, çünki bu sahədə ölkədə problemlər mövcuddur.

İntizam və Hesablayıcı komissiyalarının üzvləri təsdiqlənib, sədrlər seçilib

İntizam və Hesablayıcı komissiyalarının üzvləri təsdiqlənib

İclasda İntizam və Hesablayıcı komissiyalarının üzvlərinin təsdiqlənməsi məsələsinə baxılıb.

İntizam komissiyasının tərkibinə aşağıdakı deputatlar daxil edilib:

Ağamalı Fəzail Rəhim oğlu,

  1. Həsənov Nurlan Urfan oğlu,
  2. Həsənova Afət Əbil qızı,
  3. İbrahimqızı Məlahət İbrahim qızı,
  4. İbrahimov Eldar Rza oğlu,
  5. Məhəməliyev Nəsib Məhəmməd oğlu,
  6. Məmmədov Hikmət Baba oğlu,
  7. Məmmədov Məşhur Şahbaz oğlu,
  8. Möhbalıyev Səttar Suliddin oğlu,
  9. Musayev Madər Əliəsgər oğlu,
  10. Səfərov Nizami Abdulla oğlu.

Komissiyanın iclasında Eldar İbrahimov sədr seçilib.

Hesablayıcı komissiyasının tərkibinə aşağıdakı deputatlar daxil edilib:

  1. Allahverdiyev Elnur Marat oğlu,
  2. Əliyev Rauf Asif oğlu,
  3. Hacıyev Emin Məcid oğlu,
  4. Quliyev Eldar Allahyar oğlu,
  5. Hüseynova Sevinc Əmirəhməd qızı,
  6. Vəliyeva Sədaqət Süleyman qızı,
  7. Zabelin Mixail Yuryeviç.

Komissiyanın iclasında deputat Eldar Quliyev yenidən Hesablayıcı komissiyasının sədri seçilib.