Səudiyyə Ərəbistanın xarici işlər naziri iranlı həmkarı ilə görüşməyə münasibət bildirib

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan bildirib ki, “Hazırda onun iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşməsinə mane olan fikir ayrılıqları var”.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 77-ci iclası çərçivəsində “Fransa 24” telekanalına müsahibə verən Səudiyyə Ərəbistanının xarici işlər naziri deyib ki, onun ölkəsi Qərb dövlətləri ilə İran arasında nüvə razılaşmasının bərpası ehtimalından, xüsusən də Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatları ilə bağlı narahatlığını bildirir.  

O, hələ də iranlı həmkarı ilə görüşməyə mane olan fikir ayrılıqlarının olduğunu vurğulayıb və deyib: “Biz əlbəttə ki, İrandakı qonşularımızla müsbət münasibət qurmaq niyyətindəyik”.

Qeyd edək ki, Səudiyyə-İran diplomatik əlaqələri 2015-ci ildən dayanıb. Son ildə tərəflər Bağdadda münasibətlərin normallaşdırılması üçün danışıqlar aparırlar.