“TLDR News” kanalının Dağlıq Qarabağa dair iddiası

“TLDR News” “YouTube” kanalı Dağlıq Qarabağ konfliktinin tarixini izah edən videoda  ətrafdakı 7 rayonun işğal altında olan ərazilərini də Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) ərazisi kimi təqdim edib. Bu iddia doğru deyil. 

Dağlıq Qarabağa muxtar vilayət statusu veriləndən sonra bu bölgədəki inzibati ərazi vahidlərinin adlarında dəyişiklik olsa da, bölgə 5 rayondan ibarət olub. DQMV  1923-cü il iyulun 7-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə yaradılıb. İlkin mərhələdə muxtar vilayət Dizaq, Vərəndə, Şuşa, Xaçın, Ceraberd rayonlarından ibarət olub

1930-cu ilin avqustunda DQMV-nın inzibati-ərazi bölgüsündə dəyişiklik edilib. Bölgə Ceraberd, Martuni, Stepanakert, Dizaq, Şuşa rayonlarına bölünüb. Bölgüdə Vərəndə rayonunun ərazisi Martuni rayonu, Xaçın rayonunun ərazisi Stepanakert rayonu, Ceraberd rayonunun ərazisi Mardakert rayonu, Dizaq rayonunun ərazisi isə Hadrut rayonu adlandırıldı.  

SSRİ-nin süqutunadək olan dövrdə DQMV-nın ərazisi 5 rayondan ibarət olub. Bunlar Şuşa, Mardakert, Martuni, Hadrut və Əsgəran rayonları idi. 

Azərbaycan  müstəqilliyini elan edəndən sonra DQMV-nin statusu ləğv olundu.  1991-ci il noyabrın 26-da qəbul edilmiş Qanuna əsasən, “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli dekreti və “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Azərbaycan SSR-in 1981-ci il 16 iyun tarixli qanunu qüvvədən düşmüş hesab edildi.

 

Qeyd edək ki, Azərbaycanın DQMV-nın statusunu ləğv etməsinə həm də 1991-ci il sentyabrın 2-də DQMV və Azərbaycan SSR-in Şaumyan rayonu hüdudlarında qondarma “Dağlıq Qarabağ Respublikası”nın elan edilməsi səbəb olmuşdu

DQMV-nın statusu ləğv olunandan sonra Stepanakert, Mardakert, Martuni şəhərlərinin adları dəyişdirildi. Stepanakert şəhəri Xankəndi şəhəri, Mardakert şəhəri Ağdərə şəhəri və Mardakert rayonu Ağdərə rayonu, Martuni şəhəri Xocavənd şəhəri və Martuni rayonu Xocavənd rayonu adlandırıldı.

Əsgəran və Hadrut rayonları ləğv edildi, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradıldı, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verildi. Xankəndi və Şuşa şəhərləri respublika tabeli şəhərlərin, Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonları respublika tabeli rayonların sırasına daxil edildi.

Milli Məclisin 1992-ci il oktyabrın 13-də verdiyi qərarla Ağdərə rayonu ləğv olunub. Ağdərənin 8 kəndi  Ağdam rayonu, 23 kəndi Kəlbəcər rayonu, Ağdərə şəhəri və 13 kənd Tərtər rayonunun tərkibinə verilib.

Beləliklə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Ağdamla Kəlbəcər rayonları (son iki rayonun kiçik hissəsi istisna olmaqla) keçmiş DQMV-nın tərkibində olmayıb. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, “TLDR News” kanalının iddiası yalandır.