Tural Abbaslı: “Niyə bizim ərazinin bir hissəsini başqa bir dövlətin hərbçiləri idarə etməlidirlər ki?”

"Toplum TV”-nin müsahibi Ağ Partiyanın sədri Tural Abbaslıdır.
 
- Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 1%-i Rusiya sülhməramlılarının bölgədə sülhü təmin edəcəyinə inanır; təxminən 43%-i hesab edir ki, onların burada olması 10 noyabr bəyanatındakı şərtlərin yerinə yetirilməsini təmin edəcək, yerdə qalan 57% isə əksini düşünür. Bu o deməkdirmi ki, azərbaycanlılar Rusiya sülhməramlılarına etibar etmirlər? Əgər belədirsə, niyə onlar Qarabağa daxil olanda ölkədə narazılıq müşahidə olunmadı, müxalifət partiyaları etirazlarını bildirmədilər?
 
- Buna müsbət yanaşanların 43 faiz olduğu deyilirsə, məncə, ordakı vergül düşüb, yəni 4-lə 3-ün arasında bir vergül olmalıdır. Əgər real sorğudan söhbət gedirsə, mən inanmıram ki, Azərbaycan əhalisinin 4%-dən çoxu regionda Rusiya sülhməramlılarının varlığını istəsin, bunun bəyanatdakı tələblərə  və Azərbaycanın maraqlarına uyğun olduğunu düşünsün. Çünki bizim cəmiyyətdə Rusiya dövlətinə və onun hərbi qulluqçularına münasibət 1990-cı ilin 20 yanvarından sonra köklü şəkildə dəyişib və hələ də bunu müsbətə dəyişmək istiqamətində heç bir addım atılmayıb. İkincisi, bu sorğunun nəticələrini əsas götürsək belə, 57 faiz narazı olan var və burada həqiqətən də sual ortaya çıxır ki, bəs niyə bu narazlıq özünü büruzə vermədi. 
 
- Sizcə, niyə?
 
- Düşünürəm ki, Azərbaycan xalqı 1992-1993-cü illərdə, yəni Birinci Qarabağ müharibəsində daxili çaxnaşmaların, siyasi rəqabətin, siyasi etirazların, sosial gərginliyin hansı nəticələrə gətirib çıxardığını görmüşdü, bunun fəsadlarından əziyyət çəkmişdi deyə, bir daha belə hadisələrin olmaması üçün artıq insanlar narazı olsalar da, bu proseslərə təmkinlə, rasional yanaşdılar. Biz bilirik ki, Rusiya bizim ictimai fikirlə hesablaşmır, öz maraqları var və onları təmin etməyə çalışır. Xalq başa düşürdü ki, küçələrə çıxsa belə, sülhməramlılar Qarabağa girəcək. Çıxsaydı, nəticəsi nə olacaqdı? Həm ruslar ora gələcək, həm də daxili stabillik pozulacaqdı. Təbii ki, daxildə siyasi stabillik olmadıqda, Azərbaycanın mövqeləri həm Rusiyanın, həm də Ermənistanın qarşısında zəifləyəcəkdi. Ona görə Azərbaycan xalqı daha həssas  davrandı, daha kamil və rasional hərəkət edərək bu etirazlarını küçələrdə - daha aydın formada göstərmədi. Amma sosial şəbəkələrdəki diskussiyalara baxsaq, görərik ki, böyük əksəriyyət, yəni insanların 95%-i Rusiyaya və onun hərbi birləşmələrinə etimad göstərmir. 
 
- Şəxsən Siz necə qiymətləndirirsiz bunu?
 
- Uzunmüddətli müharibələrdə məsələlər bir çox hallarda sülhməramlıların iştirakı olmadan həll edilmir. Bizdə də elə oldu. Nəzərə alaq ki, qonşuluğumuzda Rusiya kimi bir dövlət var və o heç bir halda regionu nəzarətsiz buraxmaq istəməz, hər hansı şəkildə burada öz varlığını davam etdirəcək. Müharibə başladıqdan sonra rusların məqsədi öz sülhməramlılarının burada yerləşdirilməsinə razılıq əldə etmək idi və  buna nail oldular. Hələlik onların fəaliyyətini konfliktin həllinə yönəlik hərəkətlər kimi dəyərləndirə bilmərəm. Regiona gələn gündən özlərini erməni əsilli azlıqların müdafiəçisi kimi davranırlar, onların sosial problemlərindən tutmuş sağlamlıq məsələlərinə qədər hər işini həll etməyə çalışırlar. Halbuki bəyanatın şərtlərinə görə o bölgəyə qayıtmalı olan azərbaycanlılar da var, amma ruslar bu istiqamətdə heç bir addım atmayıblar. Hətta yerli ermənilərin narahat olacağını əsas gətirərək Türkiyə sülhməramlılarının Dağlıq Qarabağ ərazisinə yerləşdirilməsinə qarşı çıxırlar. Odur ki, ümumən qiymət verdikdə, Rusiya  sülhməramlılarının bu günə qədərki fəaliyyətini neqativ qiymətləndirirəm, onların fəaliyyətini konfliktin həllinə deyil, daha da uzanmasına xidmət edən bir fəaliyyət istiqaməti kimi görürəm.
 
- Rusiya hərbçilərinin ermənilərə yardım etməsi cəmiyyətin müəyyən kəsimində narahatlıq yaradır ki, ötən əsrin sonlarınds olduğu kimi, bu ölkə yenə onları silahlandıracaq. Tarixin təkrarlanmaması üçün nələr edilməlidir?
 
- İlk növbədə tarixdən dərs çıxarılmalıdır. Biz 1990-cı illərin əvvəlində buraxdığımız səhvlərə baxıb, o səhvləri bir daha etməməliyik. Bu gün bizim üçün çox mənasız görünən, heç bir əhəmiyyəti olmayan məsələlərdə belə Azərbaycan öz mövqelərindən geri durmamalıdır, yəni bəyanatın hər bəndinə, hər sözünə əməl olunmasını tələb etməlidir. Eyni zamanda, o sənədin izahında və ya alt bəndlərinin açılışında Azərbaycan maraqlarına zidd olacaq hər hansı bir fikir və mülahizə ilə barışmamalıdır. 
 
XXI əsrin əsas şüarlarından biri də odur ki, sülh istəyirsənsə, müharibəyə hazır ol. Bölgədə bizim ordumuz rəqib ordudan iki-üç qat güclü olmalıdır ki, kimlərsə Ermənistanı yenidən silahlandırıb, hansısa əməllərə sövq edə bilməsinlər. Rusiya, Fransa və altdan-altdan Ermənistana dəstək verən digər dövlətlər qarşısında təklənməmək üçün Azərbaycan beynəlxalq əlaqələrini mükəmməl şəkildə qurmalıdır və öz dostlarından ibarət bir koalisiya yaradaraq prosesə girməlidir. Qətiyyən prosesdə təkbaşına qalmamalıdır. Anti-Azərbaycana koalisiyasına qarşı Türkiyə, Azərbaycan, Pakistan,Ukrayna, İsrail və Azərbaycanın mövqeyini dəstəkləyən digər dövlətlər qoşulmalıdır. Eyni zamanda, ictimaiyyət də orada baş verən hadisələrlə bağlı real, doğru və dolğun şəkildə məlumatlandırılmalıdır ki, cəmiyyətin də reaksiyası, vəziyyəti adekvat olsun.
 
- Türkiyənin Qarabağdakı mövqeyini necə dəyərləndirirsiniz? Bu ölkə regionda stabilliyin qorunmasına necə nail ola bilər?
 
- Hələlik Türk sülhməramlıları tam heyətlə regiona gəlməyiblər, kiçik qrup fəaliyyət göstərir. Onlar da əsasən ərazilərin minalardan təmizlənməsində iştirak edəcək hərbi bölmənin üzvləridir. Ona görə də indidən onların regiondakı fəaliyyətini analiz etmək doğru olmazdı. Amma ən azından Türkiyə və Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətlərini nəzərə alaraq indidən bəyan etmək olar ki, onların regionda varlığı, onların şəxsi heyətinin say baxımdan çoxluğu, qalma müddətinin uzunluğu ancaq və ancaq Azərbaycanın maraqlarına xidmət edə bilər. Eyni zamanda, bu, Rusiyanın birtərəfli və bizim maraqlarımıza zidd hərəkətlərinin qarşısını alaraq balans saxlaya bilər. Odur ki, tez bir zamanda Türkiyə sülhməramlılarının gəlişi təmin olunmalıdır və nəinki Dağlıq Qarabağın ətrafındakı rayonlarda, hətta keçmiş Dağlıq Qarabağ ərazisində yerləşdirilməlidir, azərbaycanlı məcburi köçkünlərin özlərini təhlükəsiz hiss etmələri üçün bu, çox vacibdir. Türkiyə hərbçiləri də gələndə, orada balans yaranacaq, Rusiya sülhməramlıları öz səlahiyyətlərini aşmayacaqlar, səlahiyyətlərindən artıq işlərə bulaşmayacaqlar. Orada idarəçilik, təminat, sosial müdafiə kimi addımlar da Azərbaycan Respublikası tərəfindən icra olunacaq.
 
- Amma görünən budur ki, indilik Azərbaycan rəsmi Moskvadan çəkinərək Dağlı Qarabağa girə bilmir, onun hüdudundan kənarda saxlanılır. 
 
- Rusiya prezidenti Vladimir Putin açıq-aydın bildirdi ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi beynəlxalq hüquqa görə Azərbaycan Respublikasının ərazisidir. Bəyanatda Rus sülhməramlılarının funksiyası təsbit olunub, 2 icma arasında baş verə biləcək konfliktlərin qarşısının alınması üçün oradadırlar. Beynəlxalq hüquqa görə, sülhməramlıların regionun idarəçiliyində iştirak etmək, ona rəhbərlik etmək kimi səlahiyyəti yoxdur. Rusiya sülhməramlıları Dağlıq Qarabağda nəyisə idarə etməyə çalışarlarsa, bu, səhv olacaq. O regionun idarəçiliyi Azərbaycan dövlətinə məsxusdur, Azərbaycan qanunlarına uyğun reallaşdırılacaq. Bizim ərazinin bir hissəsini niyə başqa bir dövlətin hərbi qulluqçusu idarə etməlidir? 
Məncə, Türkiyə sülhməramlıları orada olduqdan sonra ruslar artıq özlərini rahat hiss etməyəcəklər və güzgü effekti anlayışına görə onlar nəyəsə cəhd etsə, Türkiyə sülhməramlıları da Azərbaycanın  maraqlarına uyğun hərəkət edəcək. O baxımdan istənilən halda türk sülhməramlıları regionda olmalıdır.
 
- Rusiya kanalları ermənilərin leyhinə təbliğatla məşğuldur, Azərbaycanın mövqeyini yetərincə işıqlandırmırlar. Hətta qısqanclıqla "Niyə Azərbaycanda Türkiyə bayrağı dalğalanır, amma Rusiya bayrağı yox" deyə suallar verirlər. Qarabağda Rusiya bayraqlarının olmasına münasibətiniz necədir?
 
- Təəssüf ki, uzun illər Azərbaycan diasporasının apardığı yalnış siyasət nəticəsində biz Rusiya ictimai fikrində və Rusiya mediasında uduzuruq. Azərbaycan həqiqətlərini çatdıra bilmirik, Rusiya ictimai elitası bu məsələlərdə bir çox hallarda ermənilərin mövqeyindən çıxış edir. Bu istiqamətdə işlər görülməlidir. Rusiya bayraqları məsələsinə gəlincə, Dağlıq Qarabağda ancaq Azərbaycan Respublikasının icazə verdiyi ölkənin bayrağı dalğalana bilər. Mən burda Türkiyəni nəzərdə tuturam. Rusiya bayrağının orada dalğalanması əslində sülhməramlı missiyaya xələl gətirir. Çünki sən bu əzaziləri işğal etməmisən və bura sənin ərazin deyil. Bununla bağlı Azərbaycanın səlahiyyətli şəxsləri tərəfindən onlara xəbərdarlıq edilməlidir. Əgər xəbərdarlıqlara əməl olunmasa, bu zaman Azərbaycan ordusu işinin gərəyini yerinə yetirməlidir.
 
- Rus sülhməramlılarının Qarabağda yerləşməsini Moskvanın Qafqazda möhkəmlənməsi kimi dəyərləndirilir. 5 il sonra onlar ərazini tərk etməzsə, vəziyyət necə olacaq?
 
- Bu məsələlər o qədər də sadə deyil. Krımı günorta vaxtı ilhaq edən Rusiyanı analiz ediriksə, təbii ki, onun rasional, hüquqi və siyasi baxımdan korrekt olacağını gözləmək doğru deyil. Amma nə Azərbaycan əvvəlki Azərbaycandır, nə region əvvəlkidir, nə də Rusiya. Orda müddət qoyulubsa, deməli, Rusiya müddətin qoyulmasının qarşısını ala bilməyib. Bu o deməkdir ki, Rusiya 4 il 6 ay sonra tərəflərin ixtiyarında olan torpaqlardan çıxmaq məcburiyyətində olacaq. Çox güman, Azərbaycan öz ərazilərindən Rusiya qoşunlarının çıxması məsələsini qaldıracaq və Rusiya da bunu etməyə məcbur olacaq. Çünki, dediyim kimi, Azərbaycan əvvəlki Azərbaycan deyil, Türkiyə əvvəlki Türkiyə deyil, dünya əvvəlki dünya deyil. 
Heç bir yerdə güzəşt etmək olmaz, heç bir məsələdə geri addım atmaq olmaz. Biz çox diqqətli və həssas olmalıyıq. Bəlkə ermənilər düşünürlər ki, hər hansı bir gərginlik yaradacaqlar və imzalanmış bəyanat öz qüvvəsini itirəcək. Belə olan halda Azərbaycan ordusu prosesə qatılaraq yarımçıq qalmış işini bitirəcək. Yəni biz ermənilərə açıq-aydın şəkildə bildirməliyik ki, istənilən aqressiya, bəyanatın şərtlərini pozan istənilən addım müharibənin yenidən başlamasına səbəb ola bilər.