Turan İbrahim: "Tubzon"dan gələn məlumata görə, qardaşımın vəziyyəti pisdir

“Onun başına gələcək hadisəyə görə hakimiyyət məsuliyyət daşıyır”

Haqqında həbs qərarı çıxarılan AXCP üzvlərinə ailə üzvlərilə telefonla danışmağa və görüşməyə imkan verilmədiyi bildirilir. Bu barədə Meydan TV-yə partiyanın mətbuat xidmətindən məlumat verilib.

“AXCP fəallarının həbsindən 10 gündən çox vaxt keçsə də, onların ailə üzvlərilə telefonla danışmaq hüququ təmin edilmir. Onların hələ də işgəncə altında olması barədə məlumatlar da gəlir. İyulun 27-də 6 nəfərin məhkəməsi idi, amma heç birini məhkəməyə gətirməmişdilər. Vəkillər onların iştirakının onlayn qaydada da olsa, təmin edilməsini istəyiblər. Lakin hakimlər bunu da etməyib. Onların bu şəkildə gizlədilməsi vəziyyətlərinin yaxşı olmamasına dair narahatlıqları daha da artırır”, - deyə AXCP-dən bildirilib.

Həbs olunanlardan Mehdi İbrahimovun qardaşı Turan İbrahim də onun durumundan narahat olduqlarını deyir. M.İbrahimov hazırda Penitensiar Xidmətin 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlanılır.

“Tubzon”dan aldığım xəbərə görə, qardaşım Mehdi İbrahimovun vəziyyəti pisdir. Özünü yaxşı hiss etmir. Mehdi saxlanılan gündən bizimlə əlaqə saxlamayıb. Bu gün məhkəməyə də gətirilməyib, onlayn qatılmayıb. Ailəsi olaraq, ondan narahatıq. Təcili ondan xəbər almaq, evlə əlaqə saxlamasını istəyirik. Onun başına gələcək hadisəyə görə hakimiyyət məsuliyyət daşıyır”, - deyə Turan İbrahim vurğulayıb.

O əlavə edib ki, futbol məşqçisi olan qardaşı M.İbrahimovun siyasətlə heç bir əlaqəsi yoxdur. Sadəcə, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu olduğuna görə həbs edilib.

M.İbrahim özü də iyulun 26-da oğlunun yanına sovqat apararkən yolda getdiyi maşından düşürülərək, naməlum istiqamətə aparılıb. İyulun 27-də günorta saatlarında məlum olub ki, onu da Qarabağa dəstək yürüşünə görə cinayət işinin istintaqı aparılan Baş Prokurorluğun İstintaq İdarəsinə gətiriblər.

M.İbrahim Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə - koronavirus yaymaqda ittiham olunur. Ailə üzvləri isə bildirir ki, bu ittiham saxtadır, Mehdi virusa yoluxmayıb. Onu iyulun 15-də Qarabağa dəstə yürüşündə iştirakına görə saxlayıblar. Amma iş materiallarında onun iyulun 20-də saxlandığı göstərilib.

Ailə üzvləri onu vurğulayır ki, koronavirusa yoluxmuş olsaydı, M.İbrahimov məhkəməyə polislərlə eyni maşında, xüsusi geyim və başqa qoruyucu vasitələr olmadan gətirilməzdi.