Vahid Qasımov: “”E-sosial.az” portalından əhalinin 10 faizindən də az hissəsi istifadə edir” - MÜSAHİBƏ

Pandemiya ucbatından davam edən karantin rejimi bir çox sahədə elektron xidmətlərdən istifadəni aktuallaşdırdı. Eyni zamanda, bir çox iş yerləri fəaliyyətini dayandırdığı üçün vətəndaşlara müavinətlərin verilməsi "E-sosial.az” portalı üzərindən həyata keçirildi. 
 
"Toplum TV” Azərbaycanda yeni bir sistem olan "elektron hökumət” portalının fəaliyyəti və istifadəçilərin ondan istifadə zamanı qarşılaşdığı problemlər haqqında İT mütəxəssisi Vahid Qasımovla danışıb. 
 
- Vahid bəy, Azərbaycanda "elektron hökumət” portalına keçid hansı problemlərlə müşayət olundu?
 
- Məsələ bundadır ki, portaldakı bəzi xidmətlərin ənənəvi forması ümumiyyətlə mövcud deyildi. Keçiddən danışa bilmək üçün alternativ sistemin olması lazımdır. Digər tərəfdən, yeni kompüter və elektron informasiya sistemlərinin istifadəsində təcrübəsizlik problemi də var - cəmiyyətdə bununla bağlı vərdişlər azdır. Bizdə ölkə əhalisinin təxminən yarısı kompüterdən istifadə edə bilmir və buna görə məsuliyyət birinci növbədə təhsil müəssisələrimizin boynuna düşür. Dövlət orta və ali məktəblərdə nəzərdə tutulmuş məcburi informatika dərslərini normal tədrisinə nail olsa, yeniyetmələr elektron sistemlərdən istifadədə valideynlərinə kömək edə bilərlər. Heç "E-sosial.az” portalından da geniş istifadə olunmur, ondan əhalinin 10 faizindən də az hissəsi faydalanır. Halbuki indiki dövr üçün bu, çox vacib resursdur. 
 
- Bəzi portalların sınaqdan uğurla çıxa bilməməsi təcrübəsi də var. Məsələn, sosial mənzillər və 190 manatlıq müavinətlə bağlı qeydiyyat zamanı ciddi problemlər ortaya çıxdı. Bunun əsas səbəbi nə idi və necə aradan qaldırıla bilərdi?
 
- Kütləvi müraciət zamanı trafik sıxlığının və resurs çatışmazlığının olması normaldır. Amma bu cür problemlərin yaşanmaması üçün əvvəlcədən lazımi tədbirlər görülməlidir. Həmin bölmələr qisamüddətli (ildə 1-2 dəfə üçün) yaradılır, ona görə də texniki avadanlığın keyfiyyətinin daimi olaraq artırılması sərf etmir. Odur ki, müraciətlər pik nöqtədə olan zaman sistem yüklənməyə tab gətirə bilmir. Proqram təminatı da tələsik yaradıldığına, kifayət qədər yaxşı test olunmadığına və sazlanmadığına görə belə problemlərin ortaya çıxmasına səbəb olur.
 
- Sizcə, Azərbaycanda elektron sistemlərdə təhlükəsizlik tədbirləri hansı səviyyədədir? 
 
- İndiki zamanda tam təhlükəsiz bir informasiya sisteminin olması mümkün deyil və hər bir informasiya sisteminin təhlükəsizliyində nəzərə alınmayan müəyyən boşluqların olması labüddür. Bizim sistemlərdə indiyədək boşluqlar olmasına baxmayaraq məlumatların yayılması baş vermədiyinə görə sistemlərin kifayət qədər təhlükəsiz olduğunu deyə bilərik.
 
- İstifadəçi rahatlığını necə qiymətləndirirsiz? Bizdəki sistemlər istifadə üçün asandırmı?
 
- Elektron sistemlərin quruluşunda ciddi problemlərin olduğunu düşünürəm. Bu, həm sistemə autentifikasiya girişi, həm də istifadəçi interfeysi ilə əlaqədar problemlərdir. Kütləvi şəkildə istifadə olunan sistemlərin interfeys dizaynı və ümumi istifadə axışı professional UI/UX dizaynerlər tərəfindən həyata keçirilməlidir. Görünən odur ki, ölkəmizdə bu sahədə ciddi kadr çatışmazlığı var.
 
- Bunu aradan qaldırmaq üçün hansı addımlar atıla bilər?
 
- Bu sahədəki çatışmazlıq ali təhsil müəssisələrinin keyfiyyətli təhsil verməməsindən irəli gəlir. Tələb olunan ixtisasların sifarişini verən Təhsil Nazirliyi müasir dövrün tələblərinə cavab verə bilmir. Ali təhsil sistemimiz geridəqalmışlığı və keyfiyyətsizliyi ilə seçilir. Həllini gənclərimizin tələb olunan ixtisaslar üzrə xaricdə təhsil almalarında görürəm.
 
- Bir neçə hökumət portalına sadəcə "ASAN login" ilə qeydiyyatın mümkün olmasının hansı müsbət və mənfi tərəfləri var? 
 
- Ümumiyyətlə, alternativlərin bolluğu istifadəçilər üçün rahatlıq demək deyil, əksinə, çox vaxt çaşqınlıq yarada bilər. Çünki bir vətəndaş alternativ variantlar arasında seçim etməli olacaq. "ASAN login”in nə dərəcədə ideal və istifadəyə uyğun olması isə ayrı bir məsələdir. Hesab edirəm ki, onu təkmilləşdirmək avtorizasiya probleminin həlli üçün kifayət edəcək.
 
- Sizcə, indiki mərhələdə başqa hansı qurumların elektron sistemə keçməsi lazımdır?
 
- İndiki dövrdə istisnasız olaraq bütün qurumların tam şəkildə elektron sistemə inteqrasiyası vacibdir. Elektron hökumət və elektron xidmətlər sahəsində dünyanın bir çox ölkəsindən irəli olsaq da, hətta Estoniya kimi Avropa ölkəsindən də xeyli geridəyik. Xüsusilə də son bir il ərzində dünya əhalisini evində saxlayan karantin rejimini nəzərə alsaq, elektron xidmətlərin vacibliyini əyani şəkildə hiss etmiş olarıq. Bu səbəbdən elektron informasiya sistemini hələ də yaratmayan qurumların tez zamanda addım atması vacibdir.
 
- Azərbaycan "Elektron hökumət” portalında hansı yenilikləri etməlidir?
 
- Elektron xidmətlər sahəsində Azərbaycanın bir neçə problemi illərlə həll olunmamış vəziyyətdə qalır. Bunlar qanunvericilik bazası və elektron ödənişlərin rahatlığı problemləridir. Onların həlli bilavasitə Milli Məclisin və Milli Bankın öhdəliyidir.