Yoxsulluğa işarə

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak mallarına xərclənən vəsaitin 48,7 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 16,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi elektrik malları və mebellərin, 5,3 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 faizi digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Novator.az-ın məlumatına görə, rəsmi statistikanı şərh edən iqtisadçı Qubad İbadoğlu yazır ki, əhali pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 53,8 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatlarının alınmasına yönəldib: “Ticarət şəbəkəsində xərclənən vəsaitin cəmi 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 5,3 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Ötən ilin 11 ayında dərman alınmasına 644 milyon manat, yanacağa 1 milyard 869 milyon manat xərcləyən istehlakçı kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına cəmi 286,8 milyon manat ödəyib. Pandemiya dövründə texniki avadanlığa, telekommunikasiyaya və çap məhsullarına cəmi xərcləmələrin 0,8 faizinin yönəldilməsi onu göstərir ki, əhalinin texniki tərəqqinin müasir nəticələrinə çıxışı çox aşağıdır. Camaat pulunu əsasən ərzağa, geyimə və dərmana xərcləyir.

İnkişaf etmiş ölkələrdə xərclərinin 35 faizindən çoxu ərzağa gedənlər yoxsul hesab olunurlar. Azərbaycanda bu göstərici 53,8 faizdir. Rəsmi yoxsulluq rəqəmi isə 5,1 faiz göstərilir”.