Abbas Hüseyn növbəti islamafobiya cəhdlərindən yazdı

Müsəlman Birliyi Hərəkatının üzvü Abbas Hüseyn həbsxanadan növbəti dəfə məktub ünvanlayıb.

 

Operativ.tv məktubu olduğu kimi təqdim edir:

 

"Tarix boyu dini ayələrin təbliğinə, icrasına təzyiqlər, dindar kəsimə basqılar edilib. Bütün bunlara baxmayaraq, din düşmənlərinin istəkləri baş tutmayıb. Cəmiyyətdə dini hökmlər insanlar arasında daha da möhkəmlənib. Lakin bunları qadağa etmək istəyənlər isə öz zəmanələrində lənətlənib, tarixin qaranlıqlarına qərq olublar. Dinə qarşı qurulan oyunlar baş tutmayıb, əksinə həmin hadisələr insanların ictimai-siyasi məsələləri öyrənməsinə, əqidələrində möhkəmlənməsinə səbəb olub. Qoyulan bütün qadağalar inanclıların öz məsuliyyətlərində ikiqat ciddi olmaqlarına gətirib çıxarıb. Bəzi şəxslərin fikirlərinin əksinə olaraq, ölkədə yaranan aqressivlik, sərt tənqidi fikirlər dinin hökmlərinin gənclərə aşılanması, uşaqların dini mərasimlərdə iştirakı, hicabın zamanında bağlanması ilə əlaqədar deyil. Tutduğu vəzifə postunda xalqını və Allahını unutması məmurların cəmiyyətdə fitnə-fəsas yaratmasının səbəbidir ki, nəticədə tənqidlər və sərt fikirlər səsləndirənlər olmuşdur. Dini hökmlərə fikir bildirmək istəyən hər hansısa məmura məsləhətim budur ki, ilk öncə öz sahəsində yaranmış boşluqları, çirkinlikləri təmizləsin. Özünü "peyğəmbər" sanıb Allahın qanunlarına  və qaydalarına qarşı çıxmasın. Din sahəsində söylənən hər hansı yanlış fikrin Allaha qarşı çıxmaq olduğunu unutmasın. Onsuzda,bu mövzuda qəbul etdiyiniz qanun söylənən fikir cəmiyyət arasında elə də ciddi təsirə malik olmayacaq. Bu cür şeylər inancından aslı olmayaraq hər kəsdə qıcıq, hakimiyyətlə xalq arasında uçurumlar yaradır.

 

Dövlət Təhlükəsizlik Xidməti də bu cür həssas mövzuda fikir söyləyənləri nəzarətdə saxlasa yaxşı olar. Bəlkə də həmin kəslər xarici orqanların əliylə pul mükafatı alaraq ölkənin gərgin dönəmində lüzumsuz fikirlərlə iqtidarla xalq arasında çaxnaşmalar yaradırlar. Heç bir qanunsuzluq gizli deyil. Dinə qarşı qadağaların dağılacağı ümidi ilə.

 

Abbas Hüseyn

Qobustan həbsxanası

10.05.2021"