ABŞ Lukaşenkonun təyyarəni endirməsindən "şoka düşüb"

ABŞ "Ryanair" şirkətinə məxsus təyyarənin zorla endirilməsini və Roman Protaseviçin həbsini "Lukaşenko rejiminin şokedici aktı" adlandırıb. 

"ABŞ qırıcılardan istifadə olunmaqla "Ryanair" şirkətinə məxsus təyyarənin endirilməsini və "Nexta" "teleqram-kanal"ının sabiq baş redaktoru Roman Protaseviçin Minskdə həbs olunmasını qətiyyətlə qınayır", - deyə Birləşmiş Ştatların Dövlət katibi Entoni Blinken bəyan edib. O həmçinin Protaseviçin dərhal azadlığa buraxılmasını tələb edib. 

Dövlət katibinin sözlərinə görə, "Lukaşenko rejiminin biabırçı hərəkəti" ABŞ vətəndaşları daxil olmaqla 120-dən çox sərnişinin həyatını təhlükəyə atıb. 

"Birləşmiş Ştatlar Lukaşenko rejiminin davamlı təqiblərini və jurnalistlərin əsassız şəkildə saxlanılmasını növbəti dəfə qınayır. Biz azad, demokratik və çiçəklənən gələcəyə can atan belarus xalqını və onun rejimin insan haqlarına və təməl azadlıqlara əməl etməsinə dair tələblərini dəstəkləyirik", - deyə Blinkenin bəyanatında vurğulanıb. 

"Ryanair"in təyyarəsinin endirilməsini Avropa Birliyi də qınayıb. 

Almaniyanın xarici işlər naziri Hayko Maas bu aktın cavabsız qalmayacağını bəyan edib. 

Maas Avropanın iki ölkəsi arasında səyahət edən təyyarənin zorla endirilməsinin Avropanın hava əlaqələrinə qarşı misli görünməmiş müdaxilə kimi qiymətləndirib.  

Məsələnin AB-nin növbəti iclasında müzakirəyə qoyulacağı bəyan edilib. 

Mayın 23-də Afina-Vilnyüs marşrutu üzrə uçan İrlandiyanın "Ryanir" şirkətinə məxsus təyyarə göyərtəsində bomba olması ilə bağlı Minsk aeroportundan gələn tələb nəticəsində yerə endirilib. Təyyarəni müşayiət etmək üçün Belarus Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29" qırıcılarının havaya qaldırıldığı bildirilir. Təyyarə Belarus hava limanına endirildikdən sonra isə xüsusi təyinatlılar göyərtədə olan "Nexta" teleqram-kanalının sabiq baş redaktoru Roman Protaseviçi həbs ediblər. 

Belaruslu müxalif jurnalist və bloqer Roman Protaseviç Lukaşenko hakimiyyəti tərəfindən kütləvi iğtişaşlar təşkil etməkdə günahlandırılır. Belarus onu beynəlxalq axtarışa vermiş və  "terrorçu siyahısına" daxil etmişdi. Həyatına təhlükə olacağından ehtiyat etdiyi üçün Protaseviç bir neçə il əvvəl ölkəsini tərk etmişdi.