Acı etiraflar

Acı etiraflar.

Quran! Necə də əzəmətli səslənir. Çünki əzəmətli Allahın əzəmətli kəlamıdır Quran.
Ey bəşəriyyətin dünya və axirət səadəti! Ey Peyğəmbərimizin (s) ən böyük əmanəti! Peyğəmbərdən (s) sonra sənin başına nələr gəldi? Niyə biz səni oxuyub başa düşə bilmədik? Necə olur ki, sən cahil və vəhşi çöl ərəblərini insanlığın ən yüksək mərtəbələrinə çatdırırsan, amma biz o mərtəbələrə çatmaqdan məhrumuq. Necə olur ki, azad fikirli insanlar sənin ecazkarlığın qarşısında diz çökür, amma biz bunlara müvəffəq ola bilmirik. Niyə Qərb nüfuz etdiyi ölkələrin siyasi-ictimai durumunu kökündən dəyişə bilir, lakin sən o ölkələrə heç nüfuz da edə bilmirsən? Çünki, müsəlmanlar Peyğəmbərdən (s) sonra parçalandılar. Yazılı surətdə dəyişdirə bilməsələr də, əməli cəhətdən təhrif etdilər səni. Yəni Allahın Əli (ə) barəsində olan vilayət hökmünü qəbul etməyib, seçki məsələsini ortaya atdılar. Hər şey elə oradan başladı. Allahın “Hamınız Allahın ipindən möhkəm yapışın, təfriqəyə düşməyin” ayəsinə qulaq asmadılar müsəlmanlar. Özlərini başbilən hesab etdilər müsəlmanlardan bəziləri. Sənə və Peyğəmbərin (s) sünnəsinə qarşı müxalifətçilik edərək, öz rəylərini irəli sürüb müsəlmanlar arasında hökm verməyə başladılar.
Özlərini ümmətin imamı bilərək qondarma məzhəblər meydana gətirdilər və ümməti təfriqəyə saldılar müsəlman alimləri. Özlərini Peyğəmbər (s) canişini adlandıranlar sənin hakimiyyətini monarxiyaya çevirdilər. İş o yerə çatdı ki, səni məxluq saydılar “İslam xəlifələri”. Halbuki Allahın “dilindən” süzülən ən ali kəlamlar toplususan sən. Nəhayət indi o xilafətlərdən əsər-əlamət də qalmayıb. Bütün bunların nəticəsində öz hakimiyyətini itirdin. Avropa səni müsəlman icmasının nankorluğu ucbatından oğurlayıb sənin elmi ayələrini öz həyati proqramlarına daxil etdi və indi öz iqtisadiyyatı və texnikası ilə dünyaya meydan oxuyur. Müsəlman ölkələrinin əksəriyyəti Avropanın müstəmləkəsi altındadır. Elmi kəşflərin əksəriyyəti müsəlman alimlərinin məhsulu olsa da, Avropa alimlərinin aktivinə yazılır. Bir zamanlar Peyğəmbər (s) İslam hökumətini quranda bu hökumətin konstitusiyası elan etdi səni Allahın əmri ilə. Çünki bəşərin bütün ictimai, siyasi, fərdi proqramlarını qiyamətədək təmin etməyə qadirsən sən. Amma səni məhdudlaşdırıb fərdi etik normalarının cüzi bir hissəsini cəmiyyətdə tətbiq etməyə çalışdılar müsəlman alimləri. Beləliklə ictimaiyyətdən və siyasətdən ayırdılar səni. Bunun nəticəsində də qəbristanlıq kitabı oldun sən. Səni oxuyanlara isə molla dedilər. Molla sözü “elmlə dolu olan” mənasını versə də, cəmiyyətdə onu tam mənfi obraz kimi beynimizə doldurdular. Qorxduq ki, bizə molla deyərlər, ona görə qorxduq səni oxumaqdan. Səninlə davranmaq qaydalarını öyrətmədilər bizə. Öpüb gözümüzə qoyduq və parçaya büküb taxçalarda gizlətdik səni. “Sən natəmizsən Qurana toxunma” deyərək bizi uzaqlaşdırdılar səndən, amma səbəbini izah etmədilər bizə. Bu qədər müqəddəsləşdirə bildik səni. Yalnız qəbristanlıqlardan və yas mərasimlərindən eşitdik səni, özü də heç bir şey anlamadan. Biz belə təsəvvür etdik ki, yalnız ölülər üçün göndərilmisən sən. Mollaların “çörək ağacı” oldun sən. Amma həyat proqramı olmadın onlar üçün. Bizə dedilər ki, namazı yalnız mollalar qılar, özü də qoca mollalar. Yalnız mövhumat olaraq zehnimizdə formalaşdın. Biz belə nəticəyə gəldik ki, əgər səninlə maraqlansaq, gərək özümüzü dünyadan təcrid edək və bu cür yaşayışı da özümüzə rəva görmədik. Biz səni şəfa kitabı, dua kitabı, fal kitabı bildik, amma hidayət kitabı bilmədik. Üzərimizdə daşıdıq səni, amma içində olanlardan xəbərsiz. Daşıdığımızı bilmədik nədir. Öz ayələrində bizim kimiləri uzunqulağa bənzədirsən, cünki o da daşıyır, amma bilmir nə daşıyır. (Cümə ayə 5). Dedilər ki, səni azəri dilində oxuyaq! Amma anlamadılar ki, sənin ayələrinin hər biri bir dəryadır, ərəb dilindən başqa heç bir dil sənin ayələrini tamamilə ifadə edə bilməz!
 
P.S. Quran bu dediklərimizdən çox uzaqdır. Bu müqəddəs kitab dünyada insan kimi yaşamağı bizə öyrədir. O bəşərin hidayət kitabıdır. Gəlin bu xoşagəlməz fikirləri cəmiyyətimizdən təmizləyək və quranı olduğu kimi cəmiyyətə çatdıraq. Quranın orijinallığını itirmədən onun ətrafında birləşək. Allah müvəffəq etsin. Amin!
 
Fərhad Mirzə
İlahiyyatçı.
Müsəlman Birliyi Hərəkatı İH-nin üzvü.
15.06.2021.