Aleksey Navalnı həbsdə olduğu təcridxanaya qarşı daha bir iddia qaldırıb

Kremlin həbsdə olan tənqidçisi Aleksey Navalnı həbsdə olduğu Vladimir vilayətindəki 2 saylı İstintaq Təcridxanasına qarşı daha bir iddia qaldırıb.

Navalnının vəkili Vadim Kobzev noyabrın 24-də “Novaya Qazeta” qəzetinə verdiyi müsahibəsində müvəkkilinin təcridxananın onu “terrorçu və ya ekstremist xarakterli cinayətlər törətməyə meyilli şəxs” kimi qələmə vermək qərarına qarşı olduğunu deyib.

Vladimir vilayətinin Petuşki Rayon Məhkəməsi iddianı noyabrın 18-də qeydiyyata alıb və ilkin dinləmə dekabrın 9-na təyin edilib.

Məhkəmənin saytında noyabrın 24-də Navalnının iddiası ilə bağlı məlumat yerləşdirsə də, bir neçə kütləvi informasiya vasitəsinin bu məsələ ilə bağlı məlumat yaymasından sonra məlumatı silib.

Bu, Navalnının koloniyaya qarşı dördüncü iddiasıdır. Bu ilin əvvəlində o, cəzaçəkmə müəssisəsinin onu qaçmağa cəhd təhlükəsi kimi qələmə vermək qərarına, daha sonra aldığı qəzetlərə senzura tətbiq edilməsinə və koloniya rəhbərliyinin ona müsəlmanların müqəddəs Qurani Kərimin nüsxəsini verməkdən imtina etməsinə görə məhkəməyə müraciət edib.

Vladimir vilayətinin 2 saylı İstintaq Təcridxanası

Vladimir vilayətinin 2 saylı İstintaq Təcridxanası

Daha sonra Navalnı məsələlərin həll olunduğunu deyərək, qəzetlər və Quranla bağlı iddialarını geri götürüb.

Ona qarşı qaçmaq cəhdi ilə bağlı iddia Petuşki Rayon Məhkəməsi tərəfindən rədd edilib.

Lakin Navalnı oktyabrın 11-də bildirib ki, bu status dəyişdirilərək ekstremizmə və terrorizmə meylli məhbus statusuna çevrilib. İlin əvvəlində Moskva məhkəməsi Navalnı ilə əlaqəli bütün qruplar və təşkilatları ekstremist elan edib.

Rusiya prezidenti Vladimir Putinin kəskin tənqidçilərindən biri olan Navalnı Almaniyada zəhərlənmədən müalicə olunduqdan və yanvar ayında Rusiyaya qayıtdıqdan sonra həbs edilib. Navalnı Kremlin göstərişi ilə zəhərləndirildiyini desə də, Moskva bu ittihamı rədd edir.

Avropa İttifaqı Navalnının zəhərlənməsi və həbs edilməsi səbəbindən Rusiya rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.

Hazırda Navalnı şərti cəzanı pozduğuna görə ona verilən 2 il yarımlıq həbs cəzasını çəkməkdədir. Navalnı bu cəzanın siyasi motivli olduğunu iddia edir.

amerikaninsesi