Ali Məhkəmə həbsdə olan hüquq müdafiəçisinin şikayətinə baxacaq

“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin rəhbəri, jurnalist və hüquq müdafiəçisi Elçin Məmmədin məhkumluğu ilə bağlı Apellyasiya Məhkəməsinin qərarından verilmiş kassasiya şikayəti icraata götürülüb. Bu barədə qurumdan Turan-a daxil olan məlumatda bildirilir.

Ali Məhkəmədə baxılacaq prosesə hakim Əziz  Seyidov sədrlik edəcək. Qeyd edək ki, Elçin Məmməd keçən ilin martında saxta şikayət əsasında həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin oğurluq (177.2.4) və qanunsuz silah saxlamaq (228.1) maddələrilə qondarma cinayət işi açılıb. Ötən il oktyabrında Sumqayıt Şəhər Məhkəməsi  Elçin Məmmədin barəsində 4 il müddətinə azadlıqdan məhrumetmə hökmü verib. Sumqayıt Apellyasiya Məhkəməsi bu ilin fevralında verdiyi qərarla hökmü qüvvədə saxlayıb Elçin Məmməd ittihamları qəbul etmir və hesab edir ki , onun həbsi hüquq müdafiəçisi kimi fəaliyyətinə və tənqidi yazılarına görə adekvat cavabdır.

Elçin Məmmədin şikayətinə görə apellyasiya məhkəməsinin qərarı qanunsuzdur. Ölkə qanunvericiliyinin tələbinə əsasən hüquq müdafiəçisinin qeyd edilən cinayəti törətməsi ehtimallara deyil yalnız sübutlara əsasən müəyyən edilməlidir. Elçin Məmməd qeyd edir ki, ittiham olunduğu cinayəti törətməkdə təqsirli olmasına dair Apellyasiya Məhkəməsinin qərarı mülahizələrdən ibarət olub və işə aid biri digərinə yetərincə uyğun gələn mötəbər sübutlarla təsdiq olunmayıb. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsi sübut kimi onun barəsində polisə şikayət etmiş Aysel Mustafayevanın ifadəsini sonuncunun təqdim etdiyi səs yazıları, yazışmalar və şahid ifadələrinə istinad edib. Ancaq nə şahid, nə şahid ifadələrində, nə səs yazilarında, nə də yazışmalarda iddia olunan oğurliq hadisəsinin Elçin Məmməd tərəfindən törədildiyini təsdiq edəcək hər hansı dəlil yoxdur. Şahid ifadələri də ümumi sözlərdən ibarətdir və onların sözlərində oğurluq hadisəsinin məhz Elçin Məmməd tərəfindən törədilməsindən söhbət belə açılmır. 

Ali Məhkəməyə şikayətində Elçin Məmməd göstərir ki, yaşadığı mənzildə də axtarış aparılması barədə rəsmi məhkəmə qərarı olsa da istintaq orqanı yalnız hüquq müdafiəçisinin rəhbərlik etdiyi qeyri-hökumət təşkilatının ofisində axtarış aparılıb. Ofisdə “tapılan” qızıl əşyalarının və silah patronlarının oraya qabaqcadan qoyulması və bundan istintaq orqanının məlumatlı olması barədə əsaslı şübhələr var. Belə ki, həmin əşyaların ofisə məhz Elçin Məmməd tərəfindən qoyulmasını təsdiq edəcək kamera görüntüləri və bu əşyalar üzərində hüquq müdafiəçisinin barmaq izləri yoxdur.  Ofisin icarədarı Elçin Quliyevdə də əlavə açarlar olub və məhkəmədə həmin şəxs ifadəsində bildirib ki, ofisə hüquq müdafiəçisinin xəbəri olmadan dəfələrlə daxil olub. İcarədar ifadəsində qeyd edib ki, ayda bir dəfə ofisə gələrək işıq sayğacının göstəricilərini işıqçıya verib . Onun Elçin Məmməddən xəbərsiz ofisə girməsi axtarış zamanı götürülən əşyaların onun vasitəsilə ofisə qoyulması şübhələrini  artırır. Elçin Məmməd qeyd edib ki, axtarış istintaq hərəkətlərinə rəhbərlik edən Sumqayıt Şəhər Polis İdarəsi cinayət- axtarış şöbəsinin rəisi Haqverdi Zeynalov və 1-ci polis bölməsinin o zamankı rəisi  Azər Əhmədov ofisin açarlarını onun yaşadığı mənzildən götürüblər. Bu zaman da hər hansı axtarış hərəkətləri aparılmayib və bu barədə mövcud məhkəmə qərarına əhəmiyyət verilməyib. Bu da öz növbəsində ofisdə “aşkar edilən” əşyaların məhz oraya polislər tərəfindən və icarədarın əlilə qoyulmasını təsdiq edir. Cinayət işi üzrə  ibtidai araşdırmaya rəhbərlik edən müstəntiq Rafiq Qənbərov  məhkəmədə ifadəsində axtarışın niyə məhz ofisdə aparıldığına və mənzildə axtarışın aparılması barədə məhkəmə qərarının icra edilməməsinə aydınlıq gətirməyib. Apellyasiya Məhkəməsi də bütün bunların araşdırmaqda maraqlı olmayıb və nəticədə cinayət prosessual qanunvericiliyinin (maddə 17,21,28,33,124,139,146,352,353) və Avropa  İnsan  Hüquqları Konvensiyasının tələbləri (maddə 6,18) pozulub.

Sumqayıt Apellyasiya Məhkəməsi bir az da irəli gedərək qərarında göstərib ki, Elçin Məmmədin evində axtarış- istintaq hərəkətinin aparılması əksinə onun barəsində yeni ittiham xarakterli sübutların əldə edilməsi ehtimalını artırardı. Və bu tədbirin keçirilməməsi onun ziyanına, hüquq və mənafeləri əleyhinə olan hərəkətlilik kimi qəbul edilə bilməz. Elçin Məmməd bildirib ki, Sumqayıt Apellyasiya Məhkəməsinin bu mövqeyi artıq hüquqi nihilizmdir və hüquq sisteminin ayaqlar altına atılmasıdır. Onun sözlərinə görə əgər güya ofisdə patronlar tapılmışdısa silahı da axtarılmalı idi. Bunun üçün hüquq müdafiəçisinin mənzilində də axtarış aparılması barədə məhkəmə qərarı olub və axtarış zamanı axtarış davam etməli idi.Əks təqdirdə cinayət işinə qanunsuz silah saxlama maddəsinin əlavə edilməsi yolverilməzdir.

Hüquq müdafiəçisi kassasiya şikayətində onu da bildirib ki, ittiham olunduğu maddələrin sanksiyasında həbslə əlaqəli olmayan alternativ cəzaların olmasına baxmayaraq, 4 il müddətinə azadlıqdan məhrum edilməsini özünə qarşı hüquqi diskriminasiya hesab edir. Onun sözlərinə görə, Cinayət Məcəlləsində (maddə 42) ağırlığına görə qanunla müəyyən edilən qaydada düzülmüş cəza növlərinin qəti siyahısı verilib. Cəza növləri haqqında həmin maddənin göstərişləri dövlətin legitim iradəsini ifadə etdiyi üçün məhkəmələr qanunvercinin iradəsiylə hesablaşmalıdır. Ona görə də subyektiv mülahizələr heç bir halda qüvvədə olan qanunun tətbiqi zamanı qanunsuz qərarların qəbul edilməsi  üçün əsas ola bilməz. 

Elçin Məmməd Apellyasiya Məhkəməsinin barəsində çıxarılan qərarının ləğv edilməsini və iş üzrə icraata bəraətverici əsaslarla xitam  verilməsini istəyir. O həmçinin cinayət prosessual qanunvericiliyinin (maddə 398,406,419) tələbinə əsasən barəsində qanunsuz qərarlar verən Sumqayıt Şəhər Məhkəməsinin hakimi Pərviz Hacıyev, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Vidadi Cəfərov və cinayət işi üzrə ibtidai istintaqa rəhbərlik edən müstəntiq Rafiq Qənbərovun barəsində xüsusi qərarın çıxarılmasıni Ali Məhkəmədən xahiş edir. Elçin Məmməd Ali Məhkəmənin qərarından asılı olaraq pozulmuş  hüquqlarının bərpası üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. Elçin Məmməd onu da qeyd edib ki, dövlətin  adından qərar çıxaran məhkəmələr tərəfindən qərəzli, qeyri obyektiv və əsassız hökmlərin çıxarılması insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsindən ibarət dövlətin ali məqsədinin həyata keçirməsinə ziddir. Həmçinin bu sahədə dövlətin beynəlxalq öhdəliklərinin də təmin edilməsi qarşısında sədd yaradır, o cümlədən məhkəmə təcrübəsinin düzgün olmayan istiqamətdə inkişafına və cəmiyyətdə sosial ədalətin bərpasında qarşısıalınmaz problemlərə gətirib çıxarır.

Xatırladaq ki, Elçin Məmməd dövlət məmurlarının korrupsiya əməllərini araşdırıb və rəhbərlik etdiyi qəzetin veb portalında, sosial şəbəkələrdə yazılar dərc edirdi.Bu fəaliyyətinə görə dəfələrlə polis və prokurorluq orqanlarına çağırılıb. Sonuncu dəfə Sumqayıt şəhər prokuroru  tərəfindən rəsmi xəbərdarlıq alıb. Hüquq müdafiəçisi Baş Prokurorluğun  əməkdaşı  Emin Hüseynovun Türkiyədə müəmmalı şəkildə ölümünü də araşdırırdı. Onun ölümündə ciddi faktların da izinə düşmüşdü, yerli və Türkiyə mediasında məsələni işıqlandırırdı. Elçin Məmməd 2019-cu ilin sonlarında hədələnib, lakin məsələ araşdırılmayıb. Keçən ilin fevralında Azərbaycanda keçirilmiş parlament seçkilərində deputatlığa namizədliyini vermişdi. Tənqidi çıxışları ilə tanınıb. O, həbsindən öncə Azərbaycanda mediaya təzyiqlər və insan hüquqlarının vəziyyətilə bağlı tənqidi hesabatlar yayıb. Amnesty İnternational, PEN, FİACA,  OMCT və digər beynəlxalq qurumlar Elçin Məmmədin həbsdən azad olunması üçün  ölkə rəhbərliyinə müraciət ediblər. Onlar hüquq müdafiəçisinin bu cür təzyiqlərə məruz qalmasını Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsi, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqlarının Müdafiəçiləri Bəyannaməsinin 1,6,9,11,12-ci maddələri və Avropa İnsan Hüquqları Konvensiyasının 10 –cu maddəsini zidd hesab edirlər.