Allah insanı niyə yaradıb?

Allah insanı niyə yaradıb?
Cavab:
Allah Təala Qurani Kərimin bir çox yerlərində bu əsaslı və mühüm suala cavab vermişdir:
وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ . الذاريات / 56 .

Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım (ki, bu yolla təkamülə çatıb Mənə yaxın olsunlar).  
“Liyəbudun” kəlməsindəki “lam” hərfi məqsəd bildirir. Yəni insanların və cinlərin yaradılışndakı yeganə məqsəd budur ki, Allaha icbari şəkildə yox, öz ixtiyarları ilə ibadət etsinlər və beləliklə də təkamülə və əbədi səadətə yetişsinlər.
Allahın hökmlərinə itaət edib kamal dərəcələrə yetişmək insanların və cinlərin yaradılışındakı əsas hədəfdir. Allah onların bu hədəfə yetişmələrindən ötrü ehtiyac duyulan bütün vasitələri hazırlamışdır.
Bir tərəfdən onların vücudunda hər an onların ixtiyarında olan əql və ya həmin daxili peyğəmbər qoyulmuşdur ki, bunun vasitəsilə təhlükələrdən nicat tapıb öz müqəddəs hədəfinə yetişə bilsin. Digər tərəfdən tarix boyu yüz mindən çox peyğəmbər ilahi kitablarla onların hədəflərinə çatmağa kömək etsinlər deyə göndərilmişdir və peyğəmbərlər də bu vəzifəni ən yaxşı şəkildə icra etmişlər. Əgər bu qədər vasitədən, hidayət səbəblərindən sonra da insan bu müqəddəs hədəfə yetişə bimirsə, onun öz günahıdır və nəqze-qərəz meydana gəlməz. (Yəni Allah öz məqsədini sındırmaz)
Mərhum Şeyx Səduq (r.ə) öz İləluş-Şəraye kitabının 1-ci cildinin 13-14-cü səhifələrində yazır:
عَنْ أَبِي بَصِيرٍ قَالَ سَأَلْتُ أَبَا عَبْدِ اللَّهِ ع عَنْ قَوْلِ اللَّهِ عَزَّ وَ جَلَّ وَ ما خَلَقْتُ الْجِنَّ وَ الْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ قَالَ خَلَقَهُمْ لِيَأْمُرَهُمْ بِالْعِبَادَة .

Əbu Bəsirdən nəql olunub ki, buyurdu: İmam Sadiqdən (ə) “insanları və cinləri yalnız mənə ibadət etmək üçün yaratdım” ayəsi haqqında soruşdum. Buyurdu ki, Allah insanları və cinləri Ona ibadət etmələrini onlara əmr etmək üçün yaratmışdır.
Şeyx Səduq (r.ə) başqa bir rəvayətdə yenə nəql edir:
عن جميل بن دراج، قال: قلت لأبي عبد الله (عليه السلام): جعلت فداك، ما معنى قول الله عز و جل: وَ ما خَلَقْتُ الْجِنَّ وَ الْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ؟ فقال: «خلقهم للعبادة».

Cəmil ibn Dərracdan nəql olunur ki, buyurdu: İmam Sadiqə (ə) ərz etdim: Sənə fəda olum “insanları və cinləri yalnız mənə ibadət etmək üçün yaratdım” ayəsinin mənası nədir? Həzrət (ə) buyurdu: Allah onları fəqət ibadət etmək üçün yaratmışdır. Həmçinin yenə yazır:
عَنْ جَمِيلِ بْنِ دَرَّاجٍ عَنْ أَبِي عَبْدِ اللَّهِ (عليه السلام) قَالَ سَأَلْتُهُ عَنْ قَوْلِ اللَّهِ عَزَّ وَ جَلَّ وَ ما خَلَقْتُ الْجِنَّ وَ الْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ قَالَ خَلَقَهُمْ لِلْعِبَادَةِ قُلْتُ خَاصَّةً أَمْ عَامَّةً قَالَ لَا بَلْ عَامَّة .

Cəmil ibn Dərracdan, o da Əbu Əbdillahdan (ə) (İmam Sadiqdən (ə)) rəvayət olunur ki, dedi: İmam Sadiqdən “insanları və cinləri yalnız mənə ibadət etmək üçün yaratdım” ayəsinin mənası haqqında soruşdum. Buyurdu: Allah insanları və cinləri ibadət etmək üçün yaradıb. Ərz etdim: Xüsusi qrupu ya ümumu qrupu? Buyurdu: Ümumi hamısını Özünə ibadət etmək üçün yaratmışdır.
Bu barədə daha geniş təhqiqat aparmaq istəyənlər Əllamə Təbatəbainin (r.ə) Təfsirul-Mizan kitabında elə həmin ayənin təfsirinə müraciət edə bilər.