“Alulbeyt Alimlər Birliyi” Əfqanıstandakı terroru pisləyən bəyanat yaydı

Az.shafaqna.com xəbər verir ki, “Alulbeyt Alimlər Birliyi” Əfqanıstanda silsilə terror aktlarını qınayan bəyanat yayıb.

Bəyanatda deyilir

“Bismillahir Rəhmanir Rəhim

İnna Lillah və İnna İleyhi Raciun

Təəssüflər olsun ki, son günlərdə Əfqanıstandan gələn acı xəbərlər bizdə dərin hüzn və narahatlıq yaratmışdır.

İslam Ümmətinin vəhdətini hədəf alan İslam düşmənləri və onların müsəlmanlar arasındakı əlaltıları, son olaraq Əfqanıstanın Qandahar şəhərində olan “Fatimiyə” məscidinə, cümə namazı qılanlara qarşı kamikadze hücumu həyata keçirmiş, bu səbəbdən onlarla müsəlman şəhid olmuş və onlarla yaralı vardır.

Əfqanıstanda Əhli Sünnə qardaşları ilə vəhdət içində yaşayan Əhlibeyt tərəfdarlarına aid məscidə, Qunduz əyalətindəki hücumdan sonra edilən bu ikinci hücum həqiqətən İslam vəhdətini hədəf almışdır. Bu hücum müsəlmanlar arasında fitnə və düşmənçilik yaradaraq, müsəlmanları bir-birini qətlə yetirmələri hədəfilə həyata keçirildiyi şübhəsizdir.

“Alulbeyt Alimlər Birliyi” olaraq hansı məzhəbə aid olursa olsun məscidlərə edilən bütün hücumları qınayırıq. Eyni zamanda Əfqanıstanın Qandahar şəhərindəki Şiələrin məscidində namaz qılanların vəhşiliklə qətlə yetirilməsini də şiddətlə qınayır və lənətləyirik.

Əfqanıstandakı rəsmilərin tez bir zamanda bu qətliamı həyata keçirən və sifarişini verənləri həbs edərək lazımi cəzanı vermələrini və Əfqanıstandakı şiələrlə birlikdə bütün xalqın təhlükəsizliyini təmin etmələrini istəyirik.

Bu hücumda şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Mütəal Allah bu terror hadisəsində şəhid olanların və yaralıların ailələrinə səbr və mükafat əta etsin!”