Astaraçay üzərindəki avtomobil körpüsü “Şimal-Cənub” dəhlizinin inkişafında böyük nailiyyətdir

2022-ci il yanvarın 25-də İranla Azərbaycan arasında Astaraçay üzərində yeni avtomobil körpüsünün təməli qoyulub. Yük daşımalarının artımına xidmət edəcək körpü 2022-ci ilin sonunadək tikilib istismara veriləcək.

Körpünün tikintisi ilə bağlı sənədi Bakıda Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov və İranın yollar və şəhərsalma nazirinin müavini Xeyrulla Xademi tərəfindən imzalanıb.

Rusiyanın Yeni Cəmiyyət İnstitutunun direktoru Vasili Koltaşov Trend-ə bildirib ki, yeni avtomobil körpüsü həm Azərbaycanla İran, həm region ölkələri arasında ticari-iqtisadi münasibətlərin inkişafına xidmət edə bilər.

O qeyd edib ki, Rusiya ilə İran arasında ticarət dövriyyəsi sürətlə artır, Avrasiya İqtisadi İttfaqının üzv ölkələrinin qarşılıqlı ticari-iqtisadi fəaliyyəti aktiv inkişaf edir.

“Bu kontekstdə Avrasiya magistralının və Avrasiya nəqliyyat şəbəkəsinin yaradılması böyük əhəmiyyətə və potensiala malikdir. Bu prosesin hər bir kiçik komponenti çox vacibdir və yerli iqtisadi fəallığın inkişafı, regional bazarın, o cümlədən Azərbaycan bazarının bu əlaqələrə daha fəal cəlb olunması üçün imkanlar təqdim edir”, - deyə o bildirib.

Ekspert hesab edir ki, Astaraçay üzərindəki avtomobil körpüsünün “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya oluna bilər və bu, həm Azərbaycana, həm də region ölkələrinə faydalı olacaq.

“Bu inteqrasiya Azərbaycana səmərə əldə etməyə imkan verəcək. Belə ki, bu marşrut nəqliyyat axının artmasına xidmət edəcək. Bu layihə və bunun kimi həllər Avrasiya miqyasında kiçik görünsə də, çox vacibdir”, - ekspert deyib.

Sankt-Peterburq Universitetinin professoru Stanislav Tkaçenko Trend-ə bildirib ki, İranla Azərbaycan arasında yeni körpünün tikintisi zərurət idi.

“İqtisadçılar və logistika üzrə mütəxəssislər “butulka effekti”ni, yəni hərəkətin ləngidiyi dar ərazini çox yaxşı tanıyır. Bu cür yerin mövcudluğu insanların və yüklərin hərəkət dinamikasını pozur. Azərbaycanla İran sərhədində yükdaşımalar üçün məhz bu cür vəziyyət xarakterikdir. Yalnız bir köhnəlmiş və etibarsız avtomobil körpüsünün Rusiya, Azərbaycan və İran, eləcə də Cənubi Asiya ölkələri arasında ticarətə xidmət etməsi qəbulolunmazdır. Astara-Rəşt-Qəzvin dəmir yolunun tikintisinin ləngiməsi şəraitində yeni körpünün istifadəyə verilməsi zərurətdir”, - deyə o bildirib.

Onun sözlərinə görə, İranın üzləşdiyi iqtisadi və sanksiya məhdudiyyətləri şəraitində məhz Azərbaycanın bu layihənin təşəbbüsçüsü və əsas investoru qismində çıxış etməsi sevindiricidir.

Əgər açıqlanan planlar reallaşsa və körpü 2022-ci ilin sonuna kimi istifadəyə verilsə, bu, “Şimal-Cənub” dəhlizinin inkişafında böyük nailiyyət olacaq. Azərbaycanla İran arasında ticarət dinamik inkişaf edir və 2021-ci ildə 30 faiz artıb. Beynəlxalq yükdaşımaları tariflərinin kəskin artımı fonunda bu cür infrastruktur layihələrinin çox yaxşı perspektivləri yaranır.

(Tərcümə: Orxan Nəbiyev)