Ayətullah Əbdül Hüseyn Əmini və möhtəşəm “Əl Qədir” kitabı (3-cü hissə)

O, İraqdakı kitabxanalarda mövcud olan əlyazma və mətbəə kitablarını araşdırıb oxumaqdan əlavə, 1960-cı ildə Hindistana getmiş və dörd ay müddətində orada qalmışdır. Əlyazma kitab nüsxələrini özü üçün köçürtməkdən əlavə o, bu müddət ərzində ölkənin mühüm kitabxanalarında olan bir çox qaynaqları da oxuyaraq araşdırmışdır. 1964-cü ilin baharında Suriyaya gedən Əmini orada qaldığı müddət ərzində Dəməşq və Hələbdəki dörd əsas kitabxananın əlyazma kitablarını mütaliə edərək araşdırır. Əllamə "Səmərətul-əsfar İləl-əqtar" kitabının ikinci cildinin müqəddiməsində 250-dən çox əlyazma qaynağı qeyd etmişdir ki, bu da həmin səfərində o kitablardan digər kitablara nisbətlə daha çox istifadə etmişdir. Əmini 1967-ci ildə Türkiyəyə getmiş və təxminən bir ay boyunca İstanbul və Bursadakı ən əhəmiyyətli kitabxanalarda olan kitabları oxuyaraq araşdırmışdır.

 O dövrün şərtlərinə əsasən, sayı minlərlə olan bu kitablarda lazım olan mövzuları əl yazısı ilə köçürmək lazım gəlirdi. O da heç yorulmadan və böyük həvəslə bu müqəddəs işini davam etdirirdi. Nəticədə, İslam dünyasında hər kəsə vacib və lazım olan bu əsəri ərəb dilində 20 cilddən ibarət olmaqla yaratmağa müvəffəq olur. O, "Əl-Qədir" kitabının çapına ilk olaraq 1953–cü ildə Nəcəf şəhərində başlanmışdır. Doqquz cildini tamamlayan Əllamə Əmini ilk cildin çapından yeddi il keçdikdən sonra Əmirəlmöminin Əlinin (ə) hərəmində bir kitabxana tikdirir və "Əl-Qədir" ilə yanaşı, həmin kitabxanaya 42 min adda kitab qazandırır. O, Qədir-Xum bayramı münasibəti ilə açılışını etdiyi kitabxananı "İmam Əli (ə) kitabxanası" adlandırır.

İslam dünyasının bu dahi mütəfəkkiri 1970-ci ilin iyul ayının 7-də cümə günü sübh çağı İran İslam Respublikasının paytaxtı Tehran şəhərində bərəkətli ömrünü sona çatdırır. Özünün vəsiyyətinə görə, mübarək nəşini Nəcəfə, İmam Əlinin (ə) mübarək hərəmin içinə, özünün tiktirdiyi kitabxanasına gətirirlər və oradaca dəfn edirlər. Onun nəşinin İraqa girişi ilə Nəcəf şəhəri başda olmaqla, Bağdad, Kərbəla, Kazimeyn, Samirra və digər şəhərlərdən yüz minlərlə insan seli Əmirəlmöminin Əlinin (ə) müqəddəs hərəminə gələrək dəfndə iştirak edilər.