Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulur?

“Azərbaycanın KTMT-yə qoşulması Rusiyanın imperialist maraqlarına xidmət edir. Bu, sadəcə olaraq Azərbaycan hakimiyyətinin siyasi alveridir və açıq şəkildə xalqın qurban verilməsidir”. 

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Seymur Həzi Azərbaycanın Kollektiv Təhlükəsizlik Təşkilatına üzv olması haqda danışarkən “Toplum TV”-yə belə deyir. 

Rusiya mətbuatında yayılan məlumata görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Parlament Assambleyası Şurası tərəfdaş ölkələr institutunun yaradılması haqda qərar qəbul edib. Dumanın Avrasiyaya inteqrasiya məsələləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikovun isə tərəfdaş ölkə olmağa namizədlərlərin adlarını açıqlayıb. Onun sözlərinə görə, KTMT-nin tərəfdaş ölkə statusuna ən çox maraq göstərən Azərbaycan və Pakistandır və hər iki ölkə KTMT-də müşahidəçi statusu almaq üçün çoxdan öz arzularını ifadə ediblər. Təşkilat rəsmiləri tərəfdaş ölkələrin KTMT strukturlarında həlledici səsə malik olmayacaqlarını, sənədlərin hazırlanmasında və kollektiv qərarların yaradılmasında iştirak edə biləcəklərini vurğulayırlar. 

Asim Mollazadə

Deputat: “Azərbaycan nə NATO-ya, nə də Rusiyanın başçılıq etdiyi təşkilata üzv olmaq barədə düşünür” 

Azərbaycan rəsmilərinin bununla bağlı yaxın zamanda hər hansı açıqlaması olmayıb. Milli Məclisin deputatı Asim Mollazadə də “Toplum TV”-yə bu barədə eşitmədiyini deyir: 

“Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. Bu hərəkatla eyni dəyərləri paylaşır və heç bir hərbi bloka - nə NATO-ya, nə də Rusiyanın başçılıq etdiyi təşkilata üzv olmaq barədə düşünür. Azərbaycan öz təhlükəsizliyini Türkiyə ilə qardaşlıq və əməkdaşlıq imkanlarından istifadə edərək təmin edir. Yəni Azərbaycanın hansısa hərbi bloka üzvlüyü məsələsi müzakirə mövzusu deyil”. 

Razi Nurullayev

Başqa bir deputat Razi Nurullayev isə əksinə düşünür, o, Azərbaycanın KTMT-də yer almasının yeni yaranan vəziyyətdə milli maraqlara cavab verə biləcəyini güman edir. 

“Ermənistan tərəf hər zaman Azərbaycanı həm psixoloji, həm də digər səbəblərdən təzyiq altında saxlamağa çalışır və KTMT-dən öz xeyrinə, Azərbaycanı vurmaq üçün istifadə edir. Əgər Azərbaycanın yaxşı münasibətdə olduğu Belarus, Qazaxıstan və təşkilatdakı digər ölkələr olmasaydı, onlar Azərbaycana qarşı hər hansısa bir təxribatın törədilməsinə də nail ola bilərdilər. Bu səbəbdən tərəfdaş ölkə olmaq üçün həm Azərbaycan, həm də Pakistan müraciət edib”. Deputat sözügedən quruma üzvlüyün Azərbaycanın müstəqilliyinə və suverenliyinə heç bir təsiri və ya təhlükəsi olmayacağı fikrindədir. Onun qənaətincə, Azərbaycanın KTMT-də müşahidəçi və tərəfdaş kimi yer alması Ermənistanın uzunmüddətli planlarını heçə endirər, ən azından həmin qurumdan gələ biləcək real təhlükələri önləyə bilər. “Nə Azərbaycanın milli maraqlarına, nə də 44 günlük müharibənin nəticələrinə uyğundur” 

AXCP sədrinin müavini Seymur Həzi hesab edir ki, Azərbaycanın bu təşkilata qoşulması Rusiyanın imperialist maraqlarına xidmət edir: 

“Belə bir addımın atılması nə Azərbaycanın milli maraqlarına, nə də 44 günlük müharibənin nəticələrinə uyğundur. Əgər biz II Qarabağ müharibəsinin nəticələrinə uyğun hərbi qərarlar qəbul etsək, o zaman başımıza “İsgəndər” raketini atan Rusiyanın blokunda olmamalıyıq. Əks halda demək ki, müharibənin nəticələrinə uyğun davranmırıq və bizi bombalayan ölkənin təşkilatında yer alırıq. Bu da məntiqə uyğun gəlmir, sadəcə olaraq hakimiyyətin siyasi alveridir”. 

Siyasətçi ölkənin KTMT-yə üzv olmasının “siyasi fəlakətlə” nəticələnəcəyini bildirir: “Azərbaycan iqtidarı qərb institutları ilə yaxınlaşmaq istəmir, ölkənin demokratiyaya gedən qapılarını bağlayır və açıq şəkildə hakimiyyətini qorumaq üçün xalqı qurban verir. Ağlı olan insanlar başa düşməlidirlər ki, bu, Azərbaycan üçün çox ciddi, Azərbaycanı bu yola çəkənlər üçün isə daha ciddi fəlakətlə nəicələnə bilər”.

 
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı 1992-ci ildə əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi imzalayıblar. Azərbaycan bu müqaviləyə 1994-cü ildə Heydər Əliyevin hakimiyyəti dönəmində imza atıb. Elə Belarus və Gürcüstan da müqaviləyə o zaman qoşulublar. Beş il sonra müqaviləni imzalamış doqquz dövlətdən altısı (Azərbaycan, Gürcüstan və Özbəkistan istisna olmaqla) onun müddətini daha beş il artırmaq barədə razılığa gəliblər. 2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında hərbi ittifaq təşkil olunub. Vaxtaşırı Rusiya rəsmi dairələri Azərbaycanın KTMT-yə üzvlüyünü gündəmə gətirirlər.