Azərbaycan-Rusiya işgüzar görüşündə Anlaşma Memorandumu: Azərbaycanın xeyri nə olacaq?

“Azərbaycan-Rusiya işgüzar görüşündə komminikasiyaların açılması məsələsi də müzakirə oluna bilər. Rusiya bu mövzuda daha israrlıdır”.

İqtisadçı Natiq Cəfərli “Toplum TV”-yə açıqlamasında belə deyib.

Bu gün Bakıda Azərbaycan və Rusiya arasında iqtisadiyyat naziri Mikayıl Cabbarovun da iştirak etdiyi işgüzar görüş keçirilib və iki ölkənin birgə lizinq şirkəti yaratması ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

Müştərək şirkəti Azərbaycanın “Gəncə Avtomobil Zavodu” (GAZ) İstehsalat Birliyi və Rusiyanın “KamAZ” şirkəti yaradır.

Yeni şirkət "KamAZ" markalı avtomobillərin və onların qoşqularının Azərbaycanda satışı ilə məşğul olacaq.

Bu xəbəri şərh edən N.Cəfərli deyir ki, layihənin detallarını biləndən sonra daha konkret fikir bildirmək olar: “Bir var istehsal, bir var yığma. Azərbaycanda heç vaxt yük avtomobili, qoşqu, traktor istehsal olunmayıb, həmişə kənardan gətirilən hazır hissələr yığılıb. Detalların ən azı 20-25%-i ölkədə olunanda həm yerli maşınqayırma saneyisi inkişaf edir, həm yeni iş yerləri açılır. Yeni layihədə söhbət detalların gətirilib yığılmasından gedirsə, bunun ciddi effekt verəcəyini düşünmürəm”.

“Prezident İlham Əliyevin Moskva səfərindən sonra Rusiya Prezidenti belə bir anons vermişdi ki, yaxın zamanlarda Rusiyanın müxtəlif nazirliklərinin nümayəndələri Azərbaycana gələcəklər və bir çox həll olunmamış məsələlərin birlikdə müzakirəsi təşkil ediləcək. Hesab edirəm ki, görüşdə komminikasiyaların açılması məsələsi də müzakirə oluna bilər. Rusiya bu mövzuda daha israrlıdır. Çünki Zəngəzur koridorunun istifadəyə verilməsi Rusiyanın Ermənistandakı hərbi bazalarının təhcizatının və digər iqtisadi maraqlarının təminatında Gürcüstandan asılılığını və xərclərini xeyli azaldacaq. Gürcüstan üzərindən yük daşımalarda ciddi problemlər yaşanırdı, Rusiya ağır yük təyyarələri ilə Ermənistana yük daşımağa məcbur olurdu”.

Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin görüşündən sonra ikincisiylə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışdığı olduğunu xatırladan iqtisadçı deyir ki, həmin danışıqla bağlı xəbərlərdə məhz kommunikasi məsələsinin müzakirə olunduğu vurğulanıb.