Azərbaycan və Türkiyə birgə tibb universiteti aça bilər

Türkiyə və Azərbaycan arasında tibb sahəsi üzrə ortaq universitet yaradılması təklif edilib.

APA-nın sentyabrın 1-də verdiyi məlumata görə, Azərbaycanın Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlı səhiyyə sistemlərinin uyğunlaşdırılmaq məqsədilə yol xəritəsi hazırlamaq üçün Türkiyədə bir sıra görüşlər keçirib.

TƏBİB sədri Türkiyəyə səfəri çərçivəsində Ankara Universitetinin rektoru Necdet Ünüvar və Sağlamlıq Elmləri Universitetinin rektoru Cevdet Erdöllə də görüşüb.

Görüş zamanı tibb sahəsində kadrların hazırlanması üçün əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə edilib.

Ankara Universitetinin və Sağlamlıq Elmləri Universitetinin filiallarının Azərbaycanda açılmasının təklif edildiyi görüşdə, ölkə rəhbərlərinin uyğun görəcəyi halda, qardaşlıq simvolu olaraq tibb sahəsi üzrə Azərbaycan-Türkiyə Universitetinin qurulmasının mümkünlüyünə dair fikirlər səsləndirilib.