Azərbaycanda vəkillik institutu: müdafiənin alınmış qalası

Azərbaycan hər 100 min nəfərə düşən vəkil sayına görə ən aşağı yerlərdə olan ölkələr sırasındadır.

"Son illər Azərbaycanda vəkillərin müxtəlif səbəblərdən fəaliyyətlərinin müəyyən müddətə dayandırılması, töhmət verilməsi, yaxud üzvlükdən çıxarılması ilə nəticələnən intizam məsuliyyəti tətbiq edilir". 

Bu fikirlər "Human Rights Club" "Azərbaycanda hüquqi müdafiənin vəziyyətinə dair" hesabatında yer alıb. 

Hesabatda qeyd olunur ki, ölkədə ədalətli mühakimə hüququnun istifadəsi üçün zəruri olan keyfiyyətli hüquqi yardım almaq imkanları maksimum daraldılıb və vəkillik institutu Vəkillər Kollegiyası vasitəsilə hökumətin nəzarəti altında saxlanılır. 

Təşkilat bəyan edir ki, bu, Birləşmiş Millətlər Təşkilatının (BMT) 1990-cı il tarixli Vəkillərin Roluna dair Təməl Prinsiplərinə və Avropa Şurasının (AŞ) 2000-ci il tarixli Vəkil Peşəsinin Azad İcrasına dair Tövsiyəsinə ziddir, çünki həmin sənədlərdə vəkillərin peşə birliklərinin müstəqil olması tələb edilir. Eyni zamanda, prinsip və tövsiyələrdə qeyd olunur ki, dövlət orqanlarının vəkillərin peşə fəaliyyətinə müdaxiləsi yolverilməzdir. 

Hər 100 min adama 1.6 vəkil...

Avropa Şurasının İnsan Haqları üzrə Komissarı Dunya Miyatoviç 2019-cu ildə Azərbaycana dörd günlük səfəri zamanı vəkillik institutunun problemləri barədə belə demişdi: "Ölkə Avropa Şurasında hər 100 min nəfərə düşən vəkil sayına görə ən aşağı yerdədir. Bu isə xüsusən vəkil sayının çox az olduğu kənd yerlərində ədalət mühakiməsinə xələl gətirir".

Azərbaycanda Vəkillər Kollegiyasının (VK) 1791 üzvü var. Qurumun Bakıda 56, regionlarda 37 şöbəsi fəaliyyət göstərir. 

Azərbaycan əhalisinin 75%-indən çoxu regionlarda cəmləşib (təqribən 7,5 milyon nəfər), amma paytaxtdan kənarda cəmi 395 vəkil yaşayır – ölkədəki bütün vəkilllərin beşdə birindən az.

Azərbaycan Vəkillər Kollegiyası qeyri-kommersiya məqsədilə yaradılmış, bütün vəkillərin daxil olduğu,  özünüidarə prinsipinə əsaslanan qeyri-dövlət təşkilatıdır. 

Kollegiya Azərbaycan SSR-nin 13 noyabr 1980-ci il tarixli “Azərbaycan SSR vəkilliyi haqqında Əsasnamə” ilə fəaliyyət göstərmiş Vəkillər Kollegiyasının hüquqi varisidir. 

Qurumun təşkili və fəaliyyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və ona müvafiq olaraq qəbul edilmiş Vəkillər Kollegiyasının Nizamnaməsi ilə müəyyən edilir. 

2017-ci ildə Azərbaycanda vəkillərin nümayəndəlik institutu ləğv edilib. Ona görə də yaxın qohumları istisna olmaqla, fiziki şəxsləri bütün məhkəmə işlərində yalnız Vəkillər Kollegiyasının üzvü olan hüquqşünaslar təmsil edə bilir. 

Vəkillər Kollegiyası Rəyasət Heyətinin 14 aprel 2021-ci il tarixli iclasından sonra mətbuata verilən açıqlamada bildirilb ki, vəkilliyə namizədlərlə birlikdə Kollegiya üzvlərinin sayı 1931 nəfərə çatacaq. 

"İşi siyasiləşdirən vəkillər dövlət orqanlarının nüfuzuna zərbə vurur"

Əksər hüquq müdafiəçiləri hesab edirlər ki, vəkillik instututunun durumu son 10 ildə daha da ağırlaşıb. Keçmiş vəkil Əlayif Həsənov deyir ki, bu təzyiq və təqiblər Anar Bağırovun Kollegiya sədri olduğu müddətdə daha geniş vüsət alıb. Həsənov bununla bağlı geniş məqalə yazıb.

Onun sözlərinə görə, Kollegiya sədri dövlət qurumlarından gələn siyasi sifarişləri tərəddüdsüz icra edir. 

Bu iddianı doğuran faktlardan biri 2018-ci ilə aiddir. Həmin ilin aprel ayının 23-də Vəkillər Kollegiyası Nemət Kərimli və Əsabəli Mustafayevin vəkillik fəaliyyətinin 1 illiyə dayandırılması haqda qərar çıxarıb. Qərar Baş prokurorun birinci müavini Rüstəm Usubovun şikayəti əsasında qəbul edilib.

Nemət Kərimli və Əsabəli Mustafayev-Sosial media

R.Usubov Kollegiyaya müraciətində bildirib ki, Nemət Kərimli jurnalist Əfqan Muxtarlının, Əsabəli Mustafayev isə AXCP sədrinin müavini Gözəl Bayramlının işini siyasiləşdirir və bütün bunlar Baş Prokurorluğun nüfuzuna zərbə vurur, Ə.Muxtarlının və G.Bayramlının həbsi ilə bağlı ictimaiyyəti çaşdıran informasiyaların yayılmasına səbəb olur. 

Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin vəkilləri Fəxrəddin Mehdiyev və Aqil Layıc da məhz vəkilin ifadə azadlığı konteksində cəzalandırılıblar. 

Vəkil Fəxrəddin Mehdiyevin fəaliyyəti bir illik dayandırılıb, Aqil Layıcov isə töhmətlə cəzalandırılıb. Səbəb kimi müdafiə etdikləri şəxslərin açıqlamalarının mətbuatda yayılması göstərilib. 

“Gəncə işi” ilə bağlı həbs edilmiş Yunis Səfərovun vəkili Elçin Sadıqova da 2019-cu il fevralın 25-də töhmət verilib. Kollegiya bu qərarı müdafiə etdiyi şəxsin işgəncəyə məruz qalması ilə bağlı Sadıqovun mətbuata verdiyi açıqlama ilə əsaslandırıb.

Elçin Sadıqov-Sosial media

2019-cu ilin may ayında vəkil Fariz Namazlı haqqında intizam icraatı başanıb. Onun cəzalandırılmasını Penitensiar Xidmətin rəhbəri general Ceyhun Həsənov tələb edib. 

Fariz Namazlı-Meydan

Vəkil bunu Qobustan həbsxanasının rəhbərliyini məhkəməyə verməsi ilə əlaqələndirib. 

O deyib ki, hüquqlarını müdafiə etdiyi şəxslə görüşmək üçün getdiyi həbsxanada ayaqqabısının içinə qədər yoxlanılıb, məhbusun şikayəti ilə əlaqədar Avropa Məhkəməsinə yazdığı izahat həbsxanadan çıxarkən  əlindən alınıb. Bundan sonra vəkil Qobustan həbsxanasının rəhbərliyini məhkəməyə verib, ardınca  Penitensiar Xidmətin rəhbəri vəkildən Kollegiyaya şikayət edib. 

Bənzər hadisə ilə qarşılaşan daha bir vəkil ReAl Partiyasının sədri İlqar Məmmədovun və bloger Mehman Hüseynovun hüquqlarını müdafiə edən Fuad Ağayev olub. Vəkillər Kollegiyası Penitensiar Xidmət rəhbərliyinin müraciətinə əsasən 2018-ci ilin iyun ayında ona töhmət verib. 

Fuad Ağayev-Sosial media

2019-cu il sentyabrın 10-da vəkil Adil İsmayılov Kollegiyaya göndərdiyi sorğuya görə cəzalandırılıb. Vəkil sorğusunda qeyd edib ki, Kollegiyanın 1500-dən çox üzvü var və hər biri ayda 72 manat üzvlük haqqı verir. A.İsmayılov həmçinin vurğulayıb ki, hər bir vəkil ayda ortalama 3-4 cinayət işinə çıxır, hər biri üçün   orderə 10 manat ödəyir və beləliklə, Kollegiyanın aylıq gəliri 150 min manatdan çox olur; bundan əlavə, prezident tərəfindən də Kollegiyaya 1 milyon manat vəsait ayrılıb. 

Adil İsmayılov-APA

"Mən bir vətəndaş kimi, vəkil kimi bu vəsaitin hara xərcləndiyini bilmək istəyirəm” - Kollegiya rəhbərliyinə ünvanladığı sorğuda İsmayılov belə yazıb. Bundan sonra iki vəkilin şikayəti əsas göstərilərək Adil İsmayılovun fəaliyyəti 1 illik məhdudlaşdırılıb, lakin hadisə geniş ictimai rezonans doğurduğundan qərar ləğv edilib. 

Vəkillikdən çıxarılma cəzası intizam məsuliyyətinin ən ağır forması hesab olunur. Bu cəza növü əsasən siyasi məhbus kimi tanınan şəxsləri müdafiə edən vəkillərə tətbiq edilib. 

Vəkillər Kollegiyası müxtəlif vaxtlarda fərqli arqumentlərlə Aslan İsmayılov, Elçin Namazov, Xalid Bağırov, Əlayif Həsənov, Yalçın İmanov, Namizəd Səfərov, İntiqam Əliyev, Ənnağı Hacıbəyli, Fərhad Mehdiyev, Müzəffər Baxışov və İradə Cavadova kimi tanınmış vəkillərin vəkillik fəaliyyətinə xitam verib. Bu qərarların   hər biri ictimai müzakirələrə səbəb olub, Vəkillər Kollegiyasının müstəqil vəkillərə qarşı təyziq vasitəsinə çevrildiyi bildirilib.

"Populistlər vəkillik institutunu gözdən salmağa çalışırlar"

Vəkillər Kollegiyasının sədri Anar Bağırov "BBC Azərbaycanca"ya müsahibəsində Kollegiyanın müstəqil olduğunu və bundan sonra da müstəqil fəaliyyətini də davam etdirəcəyini deyib: "Populist adamlar, bu və digər qanun pozuntularına görə vəkilikdən xaric edilən adamlar çalışırlar ki, vəkillik institutunu gözdən salsınlar. Vəkillər Kollegiyasının Rəyasət Heyəti heç kimi vəkillikdən azad edə bilməz, buna səlahiyyəti yoxdur. Kollegiya kobud qanun pozuntusuna yol vermiş vəkillə bağlı məhkəməyə müraciət edə billər və məhkəmə də buna qiymət verər. Ən kobud pozuntular olanda, biz məhkəməyə müraciət edirik. Belə hal da ildə bir, ya iki dəfə olar, kütləvi xarakter daşımır".

Anar Bağırov

"Azərbaycanlı vəkillər təhdid və təzyiq altındadır" 

Türkiyənin İzmir Vəkillər Bürosu 14 yanvar 2021-ci il tarixdə 14-də azərbaycanlı vəkilin hüquqlarının müdafiəsi ilə bağlı bəyanat yayıb. Bildirilib ki, işgəncə və pis rəftara qarşı çıxan azərbaycanlı vəkillər təhdid və təzyiq altındadırlar. 

A.Bağırov özünün "Feysbuk" səhifəsində buna belə cavab verib: "Azərbaycan vəkilliyini bir monstr təşkilat kimi təqdim edirlər. Real vəziyyəti bilməyən insan fikirləşər ki, Azərbaycanda müstəqil vəkillik heç yoxdur, mövcud deyil. Müstəqil Vəkillər Kollegiyasının qanuni və legitim qaydada seçilən sədri kimi vəkillərimiz adından bu cür cəhdləri şiddətlə qınayıram, şanlı ölkə vəkilliyinə və vəkillərinə hörmətsizlik və sayğısızlıq kimi qəbul edirəm". 

Vəkillər Kollegiyasının keçmiş üzvü Yalçın İmanov onun dediklərini əsassız adlandırıb: "Anar Bağırov da, Azərbaycan vəkilliyindəki problemi yaradanlar da yaxşı bilirlər ki, ölkədə vəkillik institutu ilə bağlı kifayət qədər sistemli problemlər var. Anar Bağırov Azərbaycan vəkilliyinin təhkimçi instituta çevrilməsində mühüm rol oynayıb. Onun sədrliyə gəlişindən sonra vəkilliyin olan-qalan müstəqil qalıqları da məhv edildi”.

Yalçın İmanov

"Hansı vəkil siyasi motivli işlərlə məşğul olursa..."

2021-ci il martın 5-də daha bir vəkil - Şəhla Hümbətova Kollegiyadan uzaqlaşdırılıb. Bakı İnzibati Məhkəməsi Şəhla Hümbətovanın vəkilliyinə xitam verilməsi ilə bağlı Vəkillər Kollegiyasının iddiasını təmin edib. 

Kollegiya məhkəməyə müraciətində bildirib ki, Şəhla Hümbətova 6 aydan çox müddət ərzində üzvlük haqqını ödəməyib, buna görə də VK-dakı fəaliyyətinin dayandırılmasını istəyir. 

Ş.Hümbətova isə siyasi motivli məhkəmə işlərində fəal iştirak etdiyinə görə fəaliyyətinə son verildiyini bildirib: “Vəkillər Kollegiyasında yüzlərlə vəkil var ki, illərdir üzvlük haqqı ödəmirlər və onlar haqqında heç bir tədbir görülməyib. Bu, insan hüquqları ilə bağlı işlərdə iştirak edən vəkilləri cəzalandırma siyasətinin bir hissədir, yəni mən nə birinci, nə də sonuncuyam. Hansı vəkil siyasi motivli işlərlə məşğul olursa, sonu belə olur”.

Şəhla Hümbətova-Sosial media

Tarixçə

1999-cu ildə "Vəkillik və vəkillik fəaliyyəti haqqında" Qanun qəbul edildikdən sonra lisenziya ilə hüquqi yardım göstərmə qadağan edilib və həmin fəaliyyətlə məşğul olan bir qrup şəxs vəkilliyə buraxılmayıb. 

İntiqam Əliyev, Ənnağı Hacıbəyli, Fərman Hüseyinli və digərləri bu problemlə qarşılaşıblar. Yerli məhkəmələrdə nəticə əldə edə bilməyən hüquqşünaslar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər. Avropa Məhkəməsi pozuntunu tanısa da, onların Kollegiyaya bərpa olunmasına imkan verilməyib. Beləliklə, AİHM-nin qərar icra edilməyib. 

2005 və 2006-ci illərdə Vəkillər Kollegiyasının üç üzvü - Namizəd Səfərov, Hidayət Süleymanov və Lətifə Əliyeva müxtəlif arqumentlərlə Kollegiyadan uzaqlaşdırılıb.

2011-ci ildə VK Rəyasət Heyətinin İntizam Komissiyasının çıxardığı rəy əsasında etik davranış qaydalarını pozması iddiası ilə Elçin Namazov vəkillikdən uzaqlaşdırılıb. Nümayəndə kimi hüquqşünas fəaliyyətini davam etdirən Namazovun ofisində axtarış aparılıb (2014), barəsində 15 günlük həbs qərarı çıxarılıb.

Yenə 2011-ci ildə Xalid Bağırov Azərbaycanda polis zorakılığına məruz qalan və həyatını itirən şəxsin hüquqlarını müdafiə etdiyinə görə, Bakı Şəhər Baş Polis İdarəsinin şikayəti əsasında cəzalandırılıb. Kollegiya X.Bağırov barəs ində intizam icraatı başladıb və onun vəkillik fəaliyyəti 1 illik dayandırılıb. 2014-cü ildə vəkilə qarşı yenidən intizam icraatı başladılıb və o, ReAl sədri İlqar Məmmədovla müsavatçı Tofiq Yaqublunun məhkəməsində "Belə ölkədə belə məhkəmə olar" fikrinə görə Kollegiyadan uzaqlaşdırılıb .

Xalid Bağırov-Rakurs

2016-cı ildə Əlayif Həsənov da Vəkillər Kollegiyasından çıxarılıb; Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə təqsirli bilinərək 240 saat ictimai işlərə məhkum edilib. Bu hökmdən verilmiş apellyasiya şikayəti təmin edilməyib. Bundan sonra kollegiya onun məhkumluq məsələsini əsas götürərək Ə. Həsənovu üzvlükdən xaric edib. Vəkil kollegiyadan uzaqlaşdırılmasını siyasi məhbusları müdafiə edən, ölkədə məhkəmə sistemini tənqid edən vəkillərə qarşı təzyiqlərin tərkib hissəsi adlandırıb.

Azərbaycanlı vəkillərin Kollegiyadan çıxarılmasına beynalxalq reaksiyalar

Azərbaycanlı vəkillərin Kollegiyadan çıxarılmasına beynəlxalq reaksiyalar Xalid Bağırov AİHM-ə vəkillik fəaliyyətinin 1 il müddətinə dayandırılması və daha sonra fəaliyyətinə xitam verilməsi ilə bağlı şikayət edib. Onun hər iki şikayəti Azərbaycan hökuməti ilə 2015-ci və 2016-ci illərdə kommunikasiya edilib. 

Avropa İnsan Haqları Məhkəməsi (AİHM)  X.Bağırova münasibətdə Konvensiyanın 10-cu (ifadə azadlığı) və 8-ci (şəxsi həyata hörmət) maddələri ilə təmin olunan hüququların pozulmasını tanıyıb. Mənəvi zərərə görə hökumət ona 18 000 avro təzminat ödəməli olub.

2019-cu ildə İnsan hüquqları sahəsində fəaliyyət göstərən 42 beynəlxalq təşkilat Azərbaycanda vəkillərə təzyiq olunduğunu ifadə edən birgə bəyanat yayıb. 

Təşkilatlar Azərbaycanda müstəqil vəkillərə təzyiqin dayandırılmasını tələb edib. Bəyanatda kollegiyanın sədri Anar Bağırova xitabən bildirilib ki, siyasi cəhətdən fəal şəxsləri müdafiə edən hüquqşünaslara qarşı repressiyalarını artan narahatlıqla qarşılanır.

ABŞ-ın dövlət katibi Entoni Blinken özünün “Tvitter” hesabında Şəhla Hümbətova ilə bağlı çağırış edib. 

O qeyd edib ki, Hümbətovanın və Azərbaycandakı digər insan hüquqları müdafiəçilərinin fəaliyyəti qiymətləndirilməli, cəzalandırılmamalıdır: "İnsan hüquqları müdafiəçisi vəkil Şəhla Hümbətovanın ABŞ Dövlət Katibinin Beynəlxalq Cəsarətli Qadınlar (IWOC) mükafatını aldıqdan bir il sonra, Beynəlxalq Qadınlar Günü ərəfəsində vəkillikdən çıxarılması məni narahat etdi. Biz məsul şəxsləri onun Vəkillər Kollegiyasına bərpa olunmasını sürətləndirməyə çağırırıq”.