Baş Prokururluq və DİN: Saxta COVİD pasportu verən şəxslər saxlanılıb

“Vaksinasiyada iştirak etmədən şəxslərin məlumatları “e-TƏBİB” sisteminə yerləşdirilib”

Sabunçu rayon Bakıxanov qəsəbəsindəki Şəhər Poliklinikasının əməkdaşları bəzi vətəndaşların adını peyvənd olunanlar siyahısına saldığı bildirilir.

Onlara saxta COVID pasportu verildiyi qeyd edilir.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə yaydığı məlumatda belə deyilir.

Bildirilir ki, onlar daxil olmuş məlumat əsasında araşdırma aparıblar. Müəyyən olub ki, həmin poliklinikada pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesində iştirak etmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilib

Bununla da həmin şəxslərə saxta COVID-19 pasportu verilib: “Paytaxtın Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı bu qanunsuz fəaliyyətlə məşğul olmaqda şübhəli bilinən paytaxt sakini S.Həsənova, tanışları həmin poliklinikanın sahə həkimi R.Əliyeva və qeyd edilən tibb müəssisəsinin həkim-terapevti G.Mədətzadə saxlanılıblar”.

Məlumatda o da qeyd edilir ki, aparılan araşdırmadan onların qabaqcadan əlbir olduqları müəyyən olunub: “Müraciət edən bəzi vətəndaşlara pul müqabilində xəstəxanaya belə gəlmədən guya vaksinasiyadan keçib peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər. Əməliyyat tədbirlərinin davamı olaraq S.Həsənovanın yaşadığı evdən və R.Əliyevanın əl çantasından xeyli sayda peyvəndin 1-ci və 2-ci dozasının vurulmasına dair saxta pasportlar aşkar edilib. Həmçinin R.Əliyevadan pul müqabilində guya peyvənd olunmuş şəxs kimi qeydiyyata düşmək üçün ona müraciət edən müxtəlif vətəndaşlara məxsus şəxsiyyət vəsiqələri və sürətləri, eləcə də bu qanunsuz fəaliyyət nəticəsində əldə etdiyi pul vəsaiti aşkar olunub”.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırmalar aparılır: “Bir məqam xüsusi olaraq vurğulanmalıdır ki, bu istiqamətdə həyata keçirilən tədbirlər koronovirusla mübarizədə fədakar fəaliyyətləri ilə xalqımızın böyük rəğbətini qazanan qəhrəman həkim və tibb işçilərinin əməyinə əsla kölgə salmamalıdır. Onlar həmişə olduğu kimi, bu gün də hər birimizin sağlamlığının keşiyində əzmlə dayanıblar”.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi sonda vətəndaşlara müraciət edib.

Bildiriblər ki, koronavirus əleyhinə peyvənd vurulması ilə əlaqədar saxta sənəd verilməsi halları ilə üzləşdikdə “102” Xidməti Zəng Mərkəzi, “961" nömrəli “Çağrı Mərkəzi”, “161" nömrəli “Qaynar xətt” əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat versinlər.

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya bu il yanvarın 18-dən start verilib.

Ölkədə, əsasən, Çinin “Sinovac” şirkətinin vaksinindən istifadə edildiyi açıqlanıb.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.