Belarusu hansı cəzalar gözləyir?

"Ryanair" təyyarəsinin Minskdə məcburən endirilməsindən və müxalif bloqer Roman Proteseviçin həbsindən sonra Belarusa qarşı sanksiyaların tətbiqi yenidən gündəmə gəlib. 

BBC-nin mayın 25-də verdiyi xəbərə görə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bəyan edib ki, Avropa Birliyi Belarusa verilməsi nəzərdə tutulan 3 milyard avroluq invesitisiya paketini dondurub. 

"Belarusa göndərməyə hazırlaşdığımız 3 milyard avroluq iqtisadi yardım və investisiya paketi dondurulub. Qərar Belarusun demokratik ölkə olduğu günəcən qüvvədə qalacaq", - deyə der Leyen mayın 25-də Brüsseldə baş tutan brifinqdə bildirib. 

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceys Sallivan isə ABŞ və AB-nin Belarus prezidenti Aleksandr Lukaşenkonu məsuliyyətə cəlb edəcəyini bəyan edib. 

Dünən axşamdan etibarən bir sıra ölkələr Belarusa qarşı sanksiyalara qoşulublar. 

Böyük Britaniya Belarusun “Belavia” aviaşirkətinin ölkə ərazisinə uçuşlarına qadağa qoyub və Britaniya aviaşirkətlərinə Belarusun hava məkanına girməməyi tövsiyə edib.

Mayın 24-də axşam Avropa Birliyi sammiti Belarus aviaşirkətlərinə AB ərazisinə uçuşları qadağan etmək barədə qərar qəbul edib. AB Belarusa uçuşları dayandırmaq üçün də Avropa aviaşirkətlərinə çağırış edib. 

Bəzi aviaşirkətlər yaranmış vəziyyətə operativ reaksiya veriblər. Məsələn, Macarıstanın "Wizz Air" loukost aviaşirkəti Kiyev-Tallin reysini Belarus hava məkanına daxil olmadan həyata keçirib. Avstriyanın "Austrian Airlines" və Latviyanın "Air Baltic" aviaşirkətləri də Belarusdan yan keçirlər. 

Bir neçə ölkə Belarusu piratlıqda ittiham edib. "Ryanair" aviaşirkətinin rəhbəri Maykl OLiri hadisəni “Dövlətin dəstəyi ilə həyata keçirilən təyyarə qaçırılması” adlandırıb. Yunanıstan XİN Minski “dövlət aviapiratlıq aktı”nda günahlandırıb. 

"Biz (Belarus səmasında) bütün təyyarələrin və sərnişinlərin təhlükəsizliyinə görə məsuliyyəti Belarus hakimiyyətinin üzərinə qoyuruq”, -  AB-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel "Tvitter"də yazıb. 

“Lukaşenko və onun rejimi bir daha beynəlxalq birliyə və onun vətəndaşlarına qarşı saymazlığını nümayiş etdirib. "Nexta" jurnalistini siyasi motivlərlə həbs etməkdən ötrü bomba təhlükəsinin imitasiyası və "Ryanair" təyyarəsini Minskə yönəltmək üçün MiQ-29 qırıcılarının göndərilməsi təhlükəli və iyrənc haldır”, - deyə ABŞ-ın Belarusdakı səfiri Culi Fişer bildirib.

Mayın 23-də Afina-Vilnyüs marşrutu üzrə uçan İrlandiyanın "Ryanair" şirkətinə məxsus təyyarə göyərtəsində bomba olması ilə bağlı Minsk aeroportundan gələn tələb nəticəsində yerə endirilib. Təyyarəni müşayiət etmək üçün Belarus Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29" qırıcılarının havaya qaldırıldığı bildirilir. Təyyarə Minsk hava limanına endirildikdən sonra isə xüsusi təyinatlılar göyərtədə olan "Nexta" teleqram-kanalının sabiq baş redaktoru Roman Protaseviçi həbs ediblər. 

Belaruslu müxalif jurnalist və bloqer Roman Protaseviç Lukaşenko hakimiyyəti tərəfindən kütləvi iğtişaşlar təşkil etməkdə günahlandırılır. Belarus onu beynəlxalq axtarışa vermiş və  "terrorçu siyahısına" daxil etmişdi. Həyatına təhlükə olacağından ehtiyat etdiyi üçün Protaseviç bir neçə il əvvəl ölkəsini tərk etmişdi.