"Bizə harada işgəncə verildiyinin nə fərqi var?" Dindar fəallar danışdı

"Müsəlman Birliyi Hərəkatı"nın üzvləri Mail Kərimov və Süleyman Ələkbərov polis bölməsində işgəncələrə məruz qaldıqları haqqında bəyanatlarından sonra mayın 24-də Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunublar. Onları idarənin rəis müavini Vüqar Ələkbərov qəbul edib və onlardan ifadə alınıb. 

Operativ.tv-nin Turana istinadən verdiyi xəbərə görə, fəallara mayın 20-də Ağır Cinayətlər Məhkəməsinin önündə saxlanıldıqdan sonra 22-ci polis bölməsindən DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə deyil, Nəsimi Rayon Polis İdarəsinə aparıldıqlarını bildiriblər.

Bunu sübut etmək üçün fəalalrı Nəsimi Rayon Polis İdarəsinə aparıb girişi, piləkənləri, otaqları göstəriblər.

Fəallar başlarına torba keçirildiyini və nə pilləkənləri, nə otaqları görmədiklərini xatırladıblar, amma məsafəyə görə məhz BMCMİ-yə aparıldıqlarını hesab edirlər. Amma Nəsimi Rayon Polis İdarəsinə aparılsalar belə, harada işgəncəyə məruz qaldıqlarının nə fərqi var? Fəallar onlara qarşı fiziki zorakılıq tətbiq edənlərin cəzalandırılmasını istədiklərini qeyd ediblər.

Bundan əvvəl DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov Kərimov və Ələkbərovun BMCMİ-də işgəncəyə məruz qaldıqları haqqında bəyanatlarını təkzib edib. Onun sözlərinə görə, bu şəxslər Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında "səs-küy salıblar" və onları intizama dəvət edən polis əməkdaşlarına tabe olmayıblar. Onlar polis bölməsinə aparılıblar və profilaktik söhbət aparıldıqdan sonra sərbəst buraxılıblar.

Qeyd edək ki, mayın 20-də polis 6 il həbs cəzası alan "Müsəlman Birliyi" Hərəkatının üzvü Razi Hümbətov barəsində hökmün oxunacağı zaman Bakı Ağır Cinayətlər Məhkəməsi qarşısında toplaşan dindarları dağıdıb. Beş nəfər saxlanılıb, onlardan üçü 30 gün müddətinə həbs edilib. Kərimov və Ələkbərov mayın 20-də axşam sərbəst buraxılıblar və BMCMİ-də işgəncələrə məruz qaldıqlarını bildiriblər.