Bəxtiyar Hacıyev: “Azərbaycanda təəssüf ki, qanun qarşısında hamı bərabər deyil”

Avqustun 3-də Milli Məclisin İntizam Komissiyası Baş prokuror Kamran Əliyevin «Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında» parlamentə göndərdiyi təqdimatın lehinə səs veriblər. Bununla da iyulun 29-da Xaçmaz şəhərində yerləşən «Starıy Dvor» restoranında polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etdiyini bildirilən deputat E.Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edilib.

Bu gün parlamentin növbədənkənar iclasında da deputatın toxunulmazlığına xitam verilməsi barədə qərar qəbul edilib və o, bundan sonra cinayət məsuliyyətinə cəlb oluna bilər.

Bəzi sosial şəbəkə istifadəçiləri isə hesab edir ki, vəzifəli şəxs sıravi vətəndaşı döysəydi nəticə onun üçün bu qədər ağır olmazdı.

Azərbaycanda praktikada qanun bütün vətəndaşları eyni dərəcədə qoruyurmu?

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Turana bildirib ki, sosial şəbəkələrdə səslənən bu fikirlərin heç bir əsası yoxdur. «Bunu yazanlar qərəzli mövqe nümayiş etdirirlər. Yenə də onlar Azərbaycana qarşı böhtan kampaniyasının içərisindədilər və baş vermiş bu hadisələrlə bağlı korporativ manipulyasiya mahiyyətlərini ortaya qoyurlar».

Onun sözlərinə görə, əgər istənilən vətəndaş deputatın və ya istənilən məmurun onun təhqir etməsinə, ona fiziki xəsarət yetirməsinə görə hüquq mühafizə orqanlarına müraciət edirsə, bununla bağlı birmənalı olaraq cinayət işi açılır. «Burada artıq polis, məmur, adi vətəndaş anlayışı həlledici deyil. Həlledici Azərbaycanda qanun aliliyinin təmin edilməsidir və bununla bağlı artıq onlarla fakt misal kimi gətirmək olar».

Komitə üzvü qeyd edib ki, son vaxtlar ayrı-ayrı nazirliklərdə baş vermiş olan korrupsiyaya hallarına qarşı, ayrı-ayrı icra başçılarının və yüksək səviyyəli məmurların qanuna zidd əməllərə konkret hüquqi qiymətləri verilməkdədir. «Bu da ölkədə qanun aliliyinin olmasının sübutlardan biridir».

F.Ağamalının fikrincə, deputat Eldəniz Səlimov adi vətəndaşa bu cür zorakılıq etsəydi və onun hüququnu pozsaydı və həmin vətəndaş hüquq mühafizə orqanlarına müraciət etsəydi, ondan daha ciddi hüquqi addımlar atılacaqdı. «Çünki fərq etməz bu, vətəndaşdır, polisdir və ya başqa adamdır. Söhbət qanun aliliyinin təmin olunmasından gedir və bu baxımından Azərbaycan dövlətinin iradəsi məhz bu istiqamətə köklənir və bunun nəticəsini biz görməkdəyik».

İctimai fəal Bəxtiyar Hacıyev isə hesab edir ki, Eldəniz Səlimovun cəzalandırılması nə qanunların işləməsiylə bağlıdır, nə də ki döyülən şəxsin polis olmağı ilə.

O, AzadlıqRadiosuna bildirib ki, bu hadisənin daha dərin səbəbləri var. «Düşünürəm ki, burada hansısa siyasi sifariş var və onu buraxdığı hansısa siyasi səhvə görə cəzalandırırlar. Yoxsa deputat sıravi bir vətəndaşı və ya polisi döysə belə onunla bağlı bu qədər böyük proses başlamazdı».

B.Hacıyevin fikrincə, nə qədər deyilsə də, Azərbaycanda təəssüf ki, qanun qarşısında hamı bərabər deyil. «Kifayət qədər çox sayda hadisələrin şahidi oluruq ki, orada qanunlar da pozulur, vətəndaşlar da döyülür amma bununla bağlı heç vaxt bu qədər operativ cinayət məsuliyyətinə cəlb edilmir».

Fəal əlavə edib ki, Azərbaycanda qanunlar elə yazılıb və elə icra olunur ki, daha çox vətəndaşın ziyanına və dövlət strukturlarının xeyrinə işləyir.